Müayinə üçün balın ayrı-ayrı nümunələrini şüşə qaşıqla (qaşıq olmadıqda təmiz, hamar yonulmuş taxta çubuqla) qovuqcuqlardan bir şanın müxtəlif yerlərindən götürün. Əgər yuvada bal rəng, yapışqanlıq və qatılığına görə fərqlidirsə, bir pətəkdən bir neçə nümunə götürülür.
Gəzənginin balda bir neçə müəyyən edilmə üsulları var. Kənd yerində arıçıya əhəng və spirt reaksiyası ilə balın sadə analizini etməyi məsləhət görmək olar.
Şəkil 16.4. Gəzəngi balı
16.1.4. Əhəng nümunəsi
Balın həcmli bir hissəsini eyni qədərində təmiz və ya yağış suyu ilə qarışdırın, sınaq borusunda yaxşı çalxalayın, sonra isə iki hissə əhəng suyu qatın, alınmış məhlulu yenidən qarışdırın və qaynayana kimi qızdırın. Balda gəzəngi olarsa, dibə çökəcək bulanıqlıq və ya boz rəngdə lopalar olacaq. Bal gəzəngisiz olarsa, məhlul dəyişmir və şəffaf qalır. Əhəng suyunu özünüz də hazırlaya bilərsiniz. Bunun üçün şüşə bankanın 1/3 hissəsini söndürülməmiş əhənglə doldurun, üzərinə su tökün və yaxşı qarışdırın. Əhəng dibə çökdürüldükdə və məhlul durulduqda, üstdə şəffaf maye yığılacaq. Məhz bu, əhəng suyudur.
16.1.5. Spirt reaksiyası
Eyni həcmdə bal və təmiz suyu qarışdırın, bu qarışığa 96°C tündlüyü olan çaxır spirtinin 100 qramını əlavə edin. Əgər balda gəzəngi yoxdursa, məhlulun rəngi dəyişməyəcək. Əgər məhlulda gəzəngi olarsa, o, bulanıq olacaq, orada qabın dibinə çökəcək lopalar əmələ gələcək.
Qeyd etmək lazımdır ki, gəzəngi balının əvəzlənməsi üçün şəkər şərbətindən istifadə edin, onu isə 1,5 hissəsi şəkər və 1 hissəsi su nisbətində hazırlayın. Arıları şəkər şərbəti ilə yemləyərkən çiçək tozu (yığım) və güləmin olub-olmamasını nəzərə almaq lazımdır. Çiçək tozu olmadıqda arıları çoxlu şəkər şərbəti ilə yemləyərkən ailədə zülal distrofiyası yarana bilər, bu isə artıq faciəvi haldır.