Qışlama yerində 100 ailənin olduğu halda bu cür işi görmək üçün ventilyasiya boruları 400-600 kvadrat santimetr (20x25 və ya 25x25 santimetr) ölçüsündə çapılmalıdır, yəni hər arı ailəsinə 4-6 kvadrat santimetr düşür.
Qışlama yeri quru olmalıdır. Qışlama yerində yüksək nəmişlik pətəklərdə balın durulaşması və onun çürüməsinə səbəb olur. Turşumuş balın istifadəsi arılarda ishal və bir çox halda da arı ailələrinin ölümünə səbəb olur. Bundan başqa, nəmişlik olan yerlərdə şanları kif basır, həmçinin də pətəklər tez dağılır (çürüyür).
Nümunəvi qışlama yerinin hündürlüyü 2,5 metrdir. Hündürlük pətəklərin üç sıra ilə yerləşdirilməsi üçün nəzərdə tutulub. Pətəklər üçün qəfəsələr 4 sırada yerləşdirilir - iki qəfəsə divarların yan tərəfi, ikisi isə mərkəzə qoyulur. Rəflərin eni 70 santimetrdir. İki qəfəsə və divarlar arasında olan məsafə 10-2,5 santimetrdir. Qəfəsələr arasında olan hər iki keçidin məsafəsi 90 santimetrdir. Beləliklə, nümunəvi qışlama yerinin eni təxminən 5 metr olmalıdır.
Dünya təcrübəsində qışlama yerlərinin 3 növü göstərilir: 1) yeraltı növ; 2) yarıyeraltı növ; 3) yerüstü növ. Fikrimizcə, Azərbaycanda ilk iki növə ehtiyac yoxdur. Dağ rayonlarında üçüncü növə ehtiyac olar. Ona görə də yerüstü növ haqqında məlumat verməyi məqsədəuyğun hesab edirik.
15.1. Qışlama yeri
Qışlama yerlərinin divarları ikiqat olmalıdır ki, orada daha yaxşı mikroiqlim şəraiti yaradılsın, həmçinin də divarların istilik keçirməyən xüsusiyyətləri olsun.
Daxili divarlar möhkəm bərkidilmiş lövhə və taxtalardan hazırlanır. 500 ailə üçün qışlama yerlərində istilik keçirməyən örtüyün qalınlığı 0,5 metrə, 100 ailə üçün isə 0,9-1 metrə yaxın olmalıdır.
Daxili divarlara tavanı elə yerləşdirirlər ki, tavan örtüyü divarlararası örtük ilə birləşsin. Divarlararası örtüyün çöküntüsü (möhkəmlənmə) zamanı yaranan bütün boşluqlar tavandan tökülən örtüklə mexaniki olaraq doldurulur.
15.2. Qışlama yerlərinin inşaat xüsusiyyətləri
Qışlama yerləri 0,9 kub metr həcmi olan cütdivarlı pətəklərin orada yerləşdirilməsi məqsədi ilə hazırlanır. Arıxanada ölçülərinə görə pətəklər təkdivarlıdırsa, qışlama yerinin ölçülərini hesablamaq lazımdır, lakin onun hündürlüyü 2,5 metr olmalıdır. Bu, qışlama yerlərində pətəklərin 3 cərgədə yerləşdirilməsinə imkan verəcək. Pətəkləri dörd cərgədə qoymaq olmaz: onları qaldırmaq çox çətin olur, həmçinin də çıxartmaq rahat olmur, eyni zamanda da qışlama vaxtı onları müşahidə etmək asan olmur.
500 ailədən çox olan qışlama yerlərini tikmək məqsədəuyğun hesab olunmur, çünki onları havalandırmaq çətin olur. Bununla yanaşı, orada pətəklərin quraşdırılması üçün çox vaxt tələb olunur, arıların davamlı narahat olması isə onların qışlamasına mənfi təsir göstərir. Ayrı-ayrı arıxana yerlərindən bu cür qışlama yerlərinin köçürülməsi məqsədyönlü hesab olunmur, həmçinin də uzağa köçürülmə qış topasına yığılan arılara mənfi təsir göstərir: arıların bir qismi topadan ayrılacaq və öləcək. Nəhayət, yanğın halı baş verərsə, bütün arıçılıq təsərrüfatı məhv ola bilər.