Bir pətəkdən digərinə bal dalınca keçərək də ölü arıların sayı artır.
Payızda gənc arıların lazımi səviyyədə yetişdirilməsi və qışlama üçün onlara yaxşı şəraitin yaradılması qışda ölü arıların sayını azaldır: 1 arı çərçivəsinə 10 qram ölü arı düşür.
14.5. Qışlama yerində arılara qulluq
Yaxşı hazırlanmış qışlama yerində qışlayan və kifayət qədər balla təmin olunan arıların vəziyyətlərini tez-tez yoxlamağa ehtiyac olmur. Arıları az narahat etmək üçün yerə qum səpmək, pətəklərə toxunmadan ehtiyatla getmək, heç nə ilə səs salmamaq və yalnız qırmızı şüşəsi olan fənərlə işıqlandırmaq lazımdır (Şəkil 14.6).
Şəkil 14.6. Qışlama yerində arılara baxış
14.6. Qışlama yerində temperatur və nəmişliyin tənzimlənməsi
Arıların qışlaması üçün qışlama yerində temperatur və nəmişlik böyük rol oynayır. Ona görə də orada temperaturun ölçülməsi üçün bir neçə termometr, həmçinin rütubəti təyin edən hiqrometr və psixrometr olmalıdır (Şəkil 14.7).
Psixrometr iki termometrdən ibarətdir - quru və nəm.
Hava nə qədər quru olarsa, su bir o qədər tez buxarlanar və nəm termometrdə temperatur aşağı düşər. Quru və nəm termometrin göstəricilərinin fərqinə görə havanın rütubəti müəyyən olunur, yəni: quru və nəm termometrdə göstəricilərin fərqi nə qədər çox olarsa, qışlama yerində hava bir o qədər də quru olar.
Məsələn, 65 faiz rütubət olduqda fərq 2,50C təşkil edir. Nəm termometrin temperaturu nə qədər quru termometrin temperaturuna yaxın olarsa, bir o qədər də qışlama yerində hava nəm olar.