14. Arı qışlamasının təşkili
İlk növbədə, qeyd etmək lazımdır ki, hər bir arıçı arıların qışlamasını təşkil etməyi bacarmalıdır. Arıların qışlaması - arıçılığın müvəffəqiyyətinin açarıdır. Kim arıların qışlamasını yüksək səviyyədə təşkil edə bilərsə, o da yüksək iqtisadi nəticələr əldə edə bilər.
Təcrübəli arıçılar arıların qışlaması üçün ilk yay yığımından alınan ən yaxşı hesab olunan balı saxlayırlar ki, ailələr payız, qış və yazda, yəni yeni yığıma kimi lazımi miqdarda balla təmin oluna bilsin. Eyni zamanda arıçılar arıları qışda zülal yemi sayılan güləmlə də təmin etməyə çalışırlar. Arıların qışlamaya hazırlığı - arıxanada ən məsuliyyətli işlərdən biridir. Arıların yaxşı qışlaması və yaza güclü çıxması üçün arıçı arı ailələrini gənc yüksək keyfiyyətli analarla təmin etməli, arıların payız yetişdirilməsi üçün lazımi tədbirlər görməli və arılara qışa kifayət qədər yaxşı yem (bal və güləm) saxlamalıdır.
Dünya təcrübəsində arıların qışlamasından söhbət düşərkən bir neçə üsul diqqəti cəlb edir. Onlardan biri arılar üçün hazırlanan qışlama yerində arıların qışlamasıdır. Doğrudur, qışlama yerindən söhbət düşərkən iddia edirlər ki, Azərbaycan reallığında buna ehtiyac yoxdur. Azərbaycanın dağətəyi və aran rayonlarında arılar açıq havada qışlayır. Lakin Lerik, Yardımlı, Gədəbəy, Daşkəsən və düşmən tapdağı altında olan Kəlbəcərdə (ən azı yüksəkliklərində) buna, fikrimizcə, ehtiyac vardır. Respublikamızda olan arı ailələrinin 80 faizi dağlıq və dağətəyi zonada yerləşir. Bu statistik rəqəmi 2-yə bölsək və nəzərə alsaq ki, yarısı sırf dağlıq ərazidə yaşayır, onda hər şey aydın olar. Digər tərəfdən məsələyə yanaşsaq, heç kim iddia edə bilməz ki, yaxın gələcəkdə həmin yüksəkliklərdə güclü arıçılıq təsərrüfatları yaradılmayacaq. Bax, onda qışlama yerləri haqqında təlimat və onların inşasına ehtiyac olacaq. Axı bu vəsaitdə yazılanlar arıçılığın sabahkı inkişafını təmin etməlidir.
Arıların uğurlu qışlamasında qışlama yerləri mühüm əhəmiyyət kəsb edir, orada isə qış ərzində havanın temperaturu (3-50C) və rütubətini (80-85 faiz) qoruyub saxlamaq lazımdır. Bunu nəzərə alaraq qışlama yerlərini elə qurmaq lazımdır ki, onlar quru və isti olsun, onların sahəsi isə pətəklərin düzgün yerləşdirilməsini təmin etsin.
Qışda arılar pətəkdə havanın mübadiləsini tənzimləyə bilmir, ona görə də pətəyin yaxşı havalanmasını təmin etmək lazımdır.
Yabanı vəziyyətdə olarkən arılar yerli şəraitdən asılı olaraq hər hansı bir yaşayış yerinə uyğunlaşaraq bacardıqları yerdə məskunlaşır.
Tarixi mənbələr təsdiqləyir ki, ən çox arılar meşələrdə olurdu: baxmayaraq ki, arı məhsulları çətin yolla tapılırdı, arılar orada yaxşı artırdı, insanlar da öz növbəsində onlara qulluq etmədən çoxlu bal və mum alırdı. Keçmişdə təbii yaşayış yerlərindən arılar üçün ən yaxşısı yay və qışda yaşadıqları ağac oyuqları hesab olunurdu. İnsan özü arı saxlamağa başladıqda arılar üçün yuvanı ağacdan koğuş (təbii yuvalarına oxşar şəkildə) hazırlayırdı ki, arılar orada çöldə qışlaya bilsin.
Meşəlik və çöllükdə ağac olan yerlərdə qışda xüsusi otaqlara köçürülən qaranlıq qışlama yerləri adlanan kötük pətəklər hazırlanırdı. Çərçivə pətəyi yarandıqdan sonra arılar artıq bu pətəklərdə qışlama yerlərində qışlayırdı. Bir çox arıçılar arıların yay və qışda oyuq və bortlarda yaşadığını nəzərə alaraq qərara alıblar ki, arılar çərçivə pətəklərində, çöl, yəni arıxanada qışlaya bilər (Şəkil 14.1).