13. Bal bazasının təkmilləşdirilməsi üsulları
Arıçılıqda yem bazasının əsasını təbii balverən bitkilərlə yanaşı, entomofil kənd təsərrüfatı bitkiləri təşkil edir. Yerin iqlim-torpaq şəraiti bitkilərin çiçəklənməsinin vaxtı və davamlılığını müəyyən edir.
Bütün ölkələrdə arıçılıq mövsümü ərzində balverən bitkilərin çiçəklənməsinin müxtəlifliyinə rast gəlmək olar. Müəyyən dövr ərzində bir çox balverən bitkilərin çiçəklənməsi digər vaxtlarda onların olmaması ilə vəziyyəti kəskin şəkildə dəyişdirir.
Yığımsız vaxt qurtararkən arıların bütün mövsüm ərzində fasiləsiz yığımla təmin olunmasını əvvəlcədən müəyyənləşdirmək lazımdır, yəni çiçək-nektar konveyeri yaratmaq lazımdır.
Yığımsız vaxtı bağlamaq və lazımi yığımdan istifadə etmək üçün güclü balverən bitkilər əkilir və köçürülür.
Arı ailəsinin nə qədər güclü olmasına baxmayaraq, arıçı arıları yaxşı balverən otlaqla təmin etməsə, arıxana artımsız olacaq. Arıların təbii otlağı sayılan əkin sahələri şumlandığı bir vaxt arıçılıq üçün yaxşı yem bazasının yaradılması barədə müəyyən tədbirlər görmək çox vacib hesab olunur.
Yem bazasını yaxşılaşdırmaq tədbirlərini elə aparmaq lazımdır ki, əlavə torpaq sahəsinə tələbat mümkün qədər az olsun və arıxananın saxlanması baha başa gəlməsin. Belə tədbirlərdən biri tarlaqoruyucu meşəliklərin balverən ağac bitkilərindən ibarət olması, balverən yem və toxumçuluq bitkilərinin növbəli əkilməsinin təşkilidir.
Təkcə yaxşı yem bazasının yaradılması çox bal hasil etmək üçün hələ kifayət deyil. Bundan başqa, həmin ərazidən səmərəli istifadə edilməsi arıçılıqdan bol məhsul almaq, onu gəlirli təsərrüfata çevirmək üçün əsas şərtlərdən biridir.
Bu vəziyyətdən yeganə çıxış yolu balverən bitki konveyerinin yaradılmasıdır. Nektar konveyerinin mühüm mərhələsi balverən bitkilərin: günəbaxan, pambıq, bağlar və s.-in planlı növbəli əkin və onların nektar ayırmasına müsbət təsir edən tədbirlərin aparılmasından ibarətdir.
Balverən bitkilərin nektar ayırmasını yüksəldən tədbirlərdən biri fosfor, kalium və azotlu gübrələrin verilməsidir. Bu yolla balverən bitkilərin nektar ayırması 50 faiz və daha çox artır.
Planlı surətdə əkilən kənd təsərrüfatı bitkiləri bir çox təsərrüfatlarda əsas bal yığımı üçün mənbədir. Bal toplanmasının bu yolla artırılması heç bir əlavə xərc tələb etmir. Nəzərə almaq lazımdır ki, balverən mədəni bitkilərin çoxunun çiçəklənmə dövrü nisbətən qısadır. Buna görə də balverən kənd təsərrüfatı bitkilərini 2-3 dəfə əkmək lazımdır. Hər iki dövr arasındakı məsafə 10 gün olmalıdır. Bu yolla əsas gəlirin müddətini 2 dəfə artırmaq olar.
Yabanı balverən bitkilər şumlanmamış sahələrdə məhv olur. Bunun nəticəsi olaraq bal yığımına çox böyük zərbə vurulur, arıxananın gəliri isə aşağı düşür, hətta kənd təsərrüfatında ən gəlir gətirən arıçılıq sahəsi belə ziyana gedə bilər.
Belə olduqda növbəli əkin sahələrində günəbaxandan başqa, əkin sahəsinin əksər hissəsi xardal, raps, lərgə, dağ keşnişi və digər balverən kənd təsərrüfatı bitkiləri üçün istifadə olunmalıdır (Şəkil 13.1), həmçinin arılar üçün əkilən digər güclü balverən bitkilərdən faseliya, xəşəmbül çiçəkləndikdən sonra silos üçün istifadə oluna bilər (Şəkil 13.2).