Çəkilmiş şəkər tozuna yavaş-yavaş qızdırılmış (40-450C) bal əlavə edin və adi xəmir kimi yoğurun. Xəmirdən qalınlığı 2-3 santimetr, çəkisi isə 0,8-1 kiloqram olan qoğal formaları hazırlayın. Alınan qoğal formalarını 20x30 kvadrat santimetr ölçüləri olan metal torları (qovuqcuqların ölçüləri 3 x 3 kvadrat millimetr olmalıdır) düz arıların olduğu çərçivələrin üst dirəklərinə qoyun. Arılar yemi həm alt - barmaqcıqların yarıqları, həm də yan tərəflərdən götürür. Xəmirlə qoğal formalarının üstünü nazik pərdə ilə elə örtün ki, bütün xəmir örtülsün. Nazik pərdə xəmiri tez qurumaqdan qoruyur, o olmadıqda isə xəmiri mumlanmış kağızla örtə bilərsiniz.
Yemləməni ucuzlaşdırmaq üçün bəzən şərbətdə şəkər tozunu invertləşdirilmiş şəkərlə əvəz edirlər. İnvertləşdirilmiş şərbəti hazırlamaq üçün 75 kiloqram şəkərə 18,5 litr su və 7,5 yaxşı təzə bal götürün. Onların hamısını qarışdırın və 6-8 gün müddətində 32-35°C temperaturda saxlayın. Mütəmadi olaraq qarışığı qarışdırın. Balın invertazası nəticəsində şəkər (saxaroza) yavaş-yavaş sadə şəkər - qlükoza və fruktozaya keçir. Qeyd etmək lazımdır ki, şəkərin inversiyası axıra kimi olmalıdır. Əgər məhlulda saxaroza üstünlük təşkil etsə, hazırlanmış xəmir qısa bir müddət ərzində bərk şəkər dilimlərinə çevriləcək, ondan isə arılar istifadə edə bilməyəcək.
12.8. Quru şəkərlə yemləmə
Əgər xırda şəkər-qənd tozu layını ensiz divarları olan enli yeşiyə səpsəniz və çərçivənin üzəri və ya pətəyin altlığına qoysanız, bal yığımı tamamilə olmadığı səbəbindən arılar şəkərin dənəciklərini əridib götürəcək (Şəkil 12.4).
Arıları quru şəkər yeminə öyrətmək məqsədi ilə birinci dəfə şəkəri pətəyə qoyduqda üzərinə bal məhlulu tökün (1 litr suya 1 kiloqram bal). Arılar əvvəl şəkərin duru hissəsini sorur, sonra isə şəkərin dənəciklərini əritməyə başlayır. Arıların götürdüyü şəkərin ölçüsü havanın rütubətindən asılı deyil.
Təcrübələr göstərib ki, arılar şəkəri bal çinədanlarının vasitəsilə yox, ağız suyu (udlaq, döş) vəzlərinin hormonlarının köməyi ilə əridir. Arıların quru şəkərdən hazırladıqları yemin tərkibində çoxlu fermentlər (invertaza və diastaza), az miqdarda su və saxaroza olur. Beləliklə, şəkərin kristalları əridikdə arılarda ağız suyu vəzlərinin fəaliyyəti bir neçə dəfə artır, bu isə onların vaxtından əvvəl qocalması və ölümünə səbəb olur. Baxmayaraq ki, quru şəkərlə yemləmə öz sadəliyi ilə diqqəti cəlb edir, onu nə yaz, nə də payızda həvəsləndirici yem kimi istifadə etmək məsləhət deyil.
12.9. Arıların zülalla yemlənməsi
Bir çox hallarda arı ailələri zülallı yemin - çiçək tozunun çatışmazlığını hiss edir. Məsələn, yazın əvvəli çox vaxt təbiətdə çiçək açan bitkilər olmur və ya onlar elə vaxtda çiçəkləyir ki, əlverişsiz hava şəraiti arıların pətəklərdən çıxmasına imkan vermir, yuvada isə güləm ehtiyatları sürətlə azalır.