1. Arıçılığın təşkili
Dağınıq halda 100 və daha az arı ailəsindən ibarət arıxanalar arıçılığın inkişafını ləngidir. Kiçik arıxanalarda maddi-texniki baza, adətən zəif olur və orada işləyənlər arıçılığı o qədər də yüksək səviyyədə bilmirlər. Lakin bir mühüm cəhəti yadda saxlamaq lazımdır ki, bugünkü sənaye tipli iri arıxanalar məhz həmin kiçik arıxanalara istinad edilərək yaradılır. Heç bir iri təsərrüfat birdən-birə elə həmin səviyyədə yaranmır.
Yüksək rentabelli sənaye arıxanaları 500 və 1000 arı ailəsindən ibarət olur. Buradan arıçılığın təmərgüzləşdirilməsi və onun sənaye əsasına keçirilməsi zərurəti meydana çıxır.
Sənaye əsasına keçirilmə prosesi istehsalatın ixtisaslaşdırılması və təmərgüzləşdirilməsi, təşkilat-təsərrüfat strukturunun təkmilləşdirilməsini təmin edən tədbirlərdən ibarətdir.
Vəsaitdə elə məsələlər vardır ki, ola bilər hal-hazırda respublikamızda istifadə olunmur. Bu halda deyə bilərik ki, biz beynəlxalq təcrübəni əsas götürmüşük. Çünki bu gün Azərbaycanda yetişən hər hansı peşə sahibi sabah ölkədən kənarda fəaliyyətini davam etdirə bilər.
Ölkəmiz entomofil kənd təsərrüfatı bitkilərinin müxtəlifliyi ilə zəngindir, onların arasında isə yüksək nektarlı bitkilər böyük yer tutur. Müxtəlif yerlərdə arıları saxlayıcı nektar və çiçək tozlu yığımlar ilə təmin edən çoxlu kol, ağac və ot bitkiləri vardır.
Arıçılıq təsərrüfatının inkişafı müəyyən bölgələrdə kənd təsərrüfatı istehsalatının ixtisaslaşdırılması və inkişaf etdirilməsi ilə sıx əlaqəlidir, həmçinin təbii şəraitdən asılıdır.
1.1. Arıxanaların istehsalat istiqaməti
Arıxanaların təşkili zamanı və ya ora arı ailələrini yığmamışdan əvvəl təsərrüfatın ixtisaslaşdırılması, arıların yem bazasının olub-olmaması və onun təkmilləşdirilmə imkanları nəzərə alınmalıdır.
Arıları qorumaq yolu ilə entomofil bitkilərin məhsuldarlığını artırmaq üçün arıların tələbatları və arıxanaların bal yığımı şəraiti nəzərə alınaraq aşağıdakı istiqamətlər müəyyən olunur: balçılıq-mum, tozlandırma-balçılıq, tozlandırma arı-sürfəli istiqamətləri.
Qeyd: İstiqamət dedikdə arıxananın ixtisaslaşdırılması nəzərdə tutulur.
İlk növbədə, entomofil bitkilərin məhsuldarlığının artırılması məqsədi ilə Azərbaycanın sürətli əkinçiliyi inkişaf etdirilmiş bir çox bölgələri, arılar olan yerdə arıxananın tozlandırma- balçılıq istiqaməti yayılıb.
Bu cür arıxanalar məhsuldarlığın artırılmasından başqa, bal, mum, bərəmum və digər məhsullar verir, onlar isə öz növbəsində nəinki arı ailələrinin saxlanılmasına sərf olunan xərcləri ödəyir, hətta müəyyən dərəcədə gəlir də gətirir.
Kifayət qədər yem bazası olan bölgələrdə balın istehsalı üçün balçılıq istiqaməti yayılıb (Şəkil 1.1).
Meyvə, giləmeyvə, tərəvəzin yetişdirilməsi üzrə ixtisaslaşdırılan, həmçinin qapalı torpaqda olan təsərrüfatlarda arıxanaların tozlandırma istiqaməti yayılıb. Qapalı torpaq təsərrüfatı olan arıxanaların tozlanması üçün çoxlu arı lazımdır, lakin orada lazımi yem bazasının olmaması səbəbindən arıları bal yığımına göndərmək zərurəti yaranır.