GİRİŞ
Hörmətli oxucu!
Arıçılığın Azərbaycanda qədim tarixi vardır. Uzun illərdən bəri arılar insanlara xidmət etmiş, yüksək keyfiyyətli məhsulları ilə insanları həm qidalandırmış, həm də onlara şəfa vermişdir. Azərbaycanın zəngin təbiəti bu ərazidə arıçılığın yüksək səviyyədə inkişaf etdirilməsinə münbit şərait yaradır. Hal-hazırda dövlətimiz arıçılığın inkişafına yüksək səviyyədə qayğı göstərir.
Arıçılıq dünyada analoqu olmayan kənd təsərrüfatı sahəsidir. Bu sahənin gəlirliliyi haqqında çox yazılıb. Kənd təsərrüfatının elə bir sahəsi yoxdur ki, onun qədər gəlir gətirsin. Bu o demək deyil ki, arıçılıq öz-özünə gəlir gətirəcək. Bu gəlir güclü arıçıların yüksək əmək və zəhməti sayəsində başa gəlir. Bundan ötrü siz bu modulda verilən məlumatlara nəzəri cəhətdən yiyələnməklə onları gündəlik təcrübənizdə tətbiq edə bilərsiniz.
Öyrənəcəyiniz “Arıçılığın təşkili, arının biologiyası, fiziologiyası, qidalanması və xüsusi ehtiyacları” modulunda bir sıra vacib məsələləri öyrənəcəksiniz. Arı və onun ailəsinin bütün xüsusiyyətləri: arıçılığın təşkili, arıxana yerinin hazırlanması, arının biologiyası, fiziologiyası, bal və çiçək tozu gətirən bitkilərin xüsusiyyətləri, arıların müasir pətəklərdə saxlanılması, onların yemlə təmin olunması, qışlamanın təşkili, payız və yaz yoxlanışlarının keçirilməsi, qış üçün yem ehtiyatlarının yığılması, payız yoxlanışından sonra yuvaların isidilməsi, pətəklərin qışlama yerindən çıxarılması, təmizlənməsi, arıların nektarlı bitkilər olan yerlərə köçürülməsi, balverən bitkilərin tozlanması, arıçılıq məhsulları və onların emalı, bal yığımı və onların xüsusiyyətləri haqqında məlumatlar geniş şərh olunmuşdur.
Əziz təhsilalanlar! Unutmayın ki, “Arıçı” ixtisası üzrə gələcək işinizin yüksək səviyyədə qurulmasının açarı sizə verilən materialların həm nəzəri, həm də praktiki mənimsənilməsindən çox asılıdır.
Bu modulun ilk peşə-ixtisas təhsili müəssisələrində dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun və əhəmiyyətli hesab edilir.