10. Əsas balverən və çiçək tozu gətirən bitkilər
Bal arıları - yemin seçimi və istifadə edilməsində spesifik cücülərdir. Onlar nektar, gəzəngi və çiçək tozundan hazırlanan balla qidalanır. Nektar, gəzəngi və çiçək tozunun mənbəyi sayılan bitkilər arıçılığın yem bazasını təşkil edir. Balın yığımına təsir edən ətraf mühit amillərinin içindən yem bazası mühüm əhəmiyyət daşıyır. Arıxananın yerləşdiyi ərazidə nektar, gəzəngi və çiçək tozunun ayrılması pətəklərdə yemin yığılması və satış məhsulunun alınması üçün çox vacib hesab olunur.
Pətəyə nektarın sürətlə daxil olması ilə yüksək bal yığımını cökə, meşə moruğu, ağ akasiya, digər entomofil bitkilərin çiçəklənməsi zamanı təmin etmək olar. Balverən bitkilərin əksər hissəsini ağır bal yığımı təşkil edir, yəni gün ərzində hər ailə 4-5 kiloqram məhsul verir. Ərazidə çoxlu arı, nektar mənbəyi isə məhdud sayda olduğu halda tozlama istiqaməti olan bölgələrdə bal yığımı az olacaq - gün ərzində 1-2 kiloqram. Elə vaxtlar da olur ki, arı ailələri çox az yem yığır və ya heç yığmır.
Azərbaycanda arılar tərəfindən istifadə edilən çiçək tozu verən bitkiləri 4 əsas qrupa bölmək olar:
1-ci - yalnız arıların istifadə etməsi üçün yararlı çiçək tozu verən bitkilər. Bu qrupa aşağıdakı bitkilər daxildir: lalə, dazı otu, qara çörəkotu, dişli topulqa, qaymaqçiçəyi, xoruzgülü, danaqıran, qaz soğanı, itburnu və s.;
2-ci - nektara nisbətən daha çox çiçək tozu verən bitkilər. Bu bitkilərdən arılar, əsasən çiçək tozu və az miqdarda nektar toplayır. Bu qrupa aşağıdakı bitkilər daxildir: söyüd, əməköməci, zəncirotu, pişikotu və s.;
3-cü - çiçək tozuna nisbətən daha çox nektar verən bitkilər. Bu bitkilərdən arılar, əsasən nektar və az miqdarda çiçək tozu toplayır. Bu qrupa aşağıdakı bitkilər daxildir: vəzərək, kələm, günəbaxan, adi göyək, poruq, qanqal, pambıq, qovun, qabaq, adi palıd böyürtkən, xəndəkotu və s.;
4-cü - eyni dərəcədə çiçək tozu və bal verən bitkilər. Bu bitkilərdən arılar həm nektar, həm də çiçək tozunu eyni dərəcədə yığır. Bu qrupa aşağıdakı bitkilər daxildir: cökə, gavalı, alma, armud, xaşa, badam, şaftalı, albalı, dərman köpəkdilotu və s..
Qeyd etmək lazımdır ki, bal arıları üçüncü və dördüncü qrup bitkilərdən lazımi qədər həm nektar, həm də çiçək tozu yığa bilir.
10.1. Balverən bitkilərin xüsusiyyəti
Kənd təsərrüfatı balverən bitkilər - əkinçilik inkişaf etmiş bölgələrdə kənd təsərrüfatı balverən bitkilər satış balı almaq üçün əsas bitkilər hesab olunur. Bir çox təsərrüfatlarda balı əkin bitkilərinin çiçəklənməsi zamanı süzürlər: günəbaxan, xaşa, yonca və digər bitkilər.
10.1.1. Günəbaxan bitkisi
Günəbaxandan bal yığımı iyunun ilk ongünlüyündə başlayır və çiçəkləmə dövrü 20-30 gün davam edir. Arılar bu bitkinin hər hektarından 40 kiloqram bal toplayır. Toxumunun tərkibində 55 faiz yağ olur. Cecəsi heyvanlar üçün faydalı yemdir. Gün ərzində yığım bir ailəyə 2 kiloqram, bəzən də daha çox təşkil edir.