Qışın sonunda ana az sayda yumurta qoymağa başlayır (gün ərzində onlarla). Aprel ayının əvvəli təmizləmə uçuşundan sonra yumurtlama sürəti artır, arılar sürfələrin yemlənməsini çoxaldır. Qısa zamanda gənc arıların sayı artır, lakin bununla yanaşı, qışlamadan sonra yaşlı arılar ölür. Tədricən, əksərən may ayında gənc arıların yetişdirilmə sürəti daha da artır. Ailənin mütənasib şəkildə çoxalması vaxtı başlayır. Ailənin artım sürəti payızda yetişdirilən arıların sayı, ailənin qışlaması, yuvaların həcmi, yuvadakı temperatur, həmçinin pətəkdə bal və güləmin olmasından asılıdır.
Güclü ailədə doğulan gənc arıların sayı qışlamadan sonra qalanlardan daha çoxdur və belə ailələr tez böyüyür. İstilik düşən vaxt yuvaya təmiz nektar və çiçək tozu daxil olduqda ananın yumurta qoyması kəskin şəkildə artır. May ayının sonu, iyunun əvvəli yuvada olan yumurtaların sayı maksimum səviyyəyə çatır (müxtəlif bölgələrdə vaxt bölgüsü dəyişə bilir - aranda bu proses 15-20 gün tez baş verir).
Sonra isə azalan inkişaf vaxtı başlayır. Məhz bu vaxt arı ailələrinin bir hissəsi beçəverməyə hazırlaşır.
Əsas yığım zamanı güclü ailələrin anaları yumurtalamağı azaldır, çünki şanların bir çox qovuqcuqları nektar, bal və güləmlə dolu olur (Şəkil 8.3).
Beçəverməyə hazırlaşan ailələrdə keyfiyyətli dəyişikliklər baş verir. Bu ilk növbədə, sürfələrin yetişdirilməsi və nektarın bala çevrilməsi ilə məşğul olmayan gənc arıların sayının artması ilə əlaqəlidir. Bu cür arılar yüksək enerji ilə yeni yuvanı bərpa edir və yeni yerdə işləyir.
Beçəverməyə hazırlığın başlanğıcında əvvəlcədən mayalanmış yumurtaları qoyan ana arı mayalanmamış yumurtalar da qoymağa başlayır ki, həmin yumurtalardan erkək arılar yetişir. Arılar sinicikləri - gələcək ana yuvalarının özülünü də hörür. Ailə işlək vəziyyətdən beçəvermə vəziyyətinə keçərkən ana bəzi siniciklərə mayalanmış yumurtalar qoyur, ailə ana sürfələrini yemləyir və eyni zamanda analıqları yenidən hörür.
İlk analıqların möhürlənməsindən bir neçə gün sonra beçə çıxır. Beçə ilə birlikdə təxminən arıların yarısı və ana uçur, uçuşdan 3-5 gün əvvəl isə ana yumurtaların qoyulmasını kəskin azaldır.
Elə olur ki, yaşlı ana uça bilmir və pətəkdən çıxandan sonra itir. Belə olduğu təqdirdə beçə arıları pətəyə qayıdır və artıq bir neçə gündən sonra (çox vaxt 7-9 gündən sonra) mayalanmamış gənc analarla uçur.
Pətəkdən çıxan on minlərlə beçə arıları bir müddət havada uçur, sonra isə arı topası yaradaraq ağac və ya kola qonur (Şəkil 8.4). Ora həmçinin ana və bir neçə erkək arılar da qonur. Arıçı beçəni pətəyə yığır, bir müddətdən sonra isə tam yeni ailə yaranır.
Arıçı vaxtında topanı yığmasa (Şəkil 8.5), bir müddət oturduqdan sonra topa arıçı kəşfiyyatçılar tərəfindən əvvəlcədən seçilmiş yaşayış yerinə uçur.
Orada beçə arıları yuvaları tez bərpa edir, yay fəaliyyətini fəal həyata keçirir, pətəyə yem gətirir, ana çoxlu yumurta qoyur, arılar isə sürfəni sürətlə yemləyir.