1. Şan anbarları
Arı ailələrinin inkişafı və məhsuldarlığı üçün şan ehtiyatları mühüm əhəmiyyət kəsb edir. Bir çox arıçılıq təsərrüfatlarında xüsusi anbarlar olmadığı üçün arıçılar arıxanaları lazımi miqdarda şanlarla təmin edə bilmir, çünki şanları mum güvəsi yeyir və ya onlar kiflənir, bu isə arıçıların işinin nəticəsinə mənfi təsir göstərir.
Bu səbəbdən də hər bir arıçılıq təsərrüfatı üçün şanların saxlanılması məqsədi ilə xüsusi yerlər tikilməlidir. Bu tikilən yerlər şan anbarı adlanır.
Şanların ən qatı düşmənlərindən biri mum güvəsidir (Şəkil 1.1) ki, onlardan qorunmaq üçün isə pəncərə, qapı və digər yarıqları yaxşı bağlamaq lazımdır. İmkan daxilində otağı yaxşı havalandırmaq lazımdır, çünki mum güvələri havalandırma şəraitində inkişaf edə bilmir.
Şan anbarında 10oC-dən aşağı olan temperaturu qoruyub saxlamaq lazımdır. Bu temperaturda mum güvəsi inkişaf etmir.
1.1. Praktiki tədbirlər
Sənaye üsulu ilə yaradılan arıçılıq təsərrüfatlarında şan anbarlarına böyük ehtiyac olur. Çünki bu arıxanalarda artıq şanları saxlamaq çox çətindir. Xüsusən, çoxgövdəli pətəklərdə həcm etibarilə çərçivə daha çox olur. Onların mum güvəsindən qorunub saxlanması böyük əhəmiyyət kəsb edir.
Şan anbarları ən azı 1000-3000 çərçivəli olmalıdır. Pətəklərin hazırlanması və təmiri, arıçılıq avadanlıqları, çərçivələrin şanlanması, balın süzülməsi, mum xammalının emalı və digər arıçılıq işlərinin görülməsi üçün anbarda arıçılıq emalatxanası olmalıdır.
Şan anbarında güclü ventilyasiya sistemi olmalıdır ki, temperatur rejimi qorunub saxlansın.
Nümunəvi və ya xüsusi təchiz olunmuş şan anbarı olmadıqda aşağıdakı qaydalara riayət edilərək şanları xüsusi hazırlanmış otaqlar və ya pəyələrdə saxlamaq lazımdır: