Şaquli dayağa əlavə olaraq 2-4 cərgədə uzunsov məftillər qoyun ki, çərçivədə süni şan vərəqinin yellənməsinin qarşısını ala biləsiniz. Bu cür ikiqat məftillə bərkidilmə şanları daha möhkəm və düzgün edir. Bu üsul çərçivələrlə tez işləməyə və şanları hətta onlar yeni hörüldükdə və balla dolu olduqda belə zədələmədən arıları uzaq məsafələrə köçürməyə imkan verir.
Şəkil 7.4. Süni şanın çərçivəyə bərkidilməsi
Süni şanlar və süni-təbii şanların istehsalında arı mumunun digər materiallarla əvəzolunma halları müşahidə olunmuşdur. Bir çox cəhdlər uğursuz olmuşdur, çünki şanları hörərkən arılar öz instinktlərinin köməyi ilə kənar materialları çıxartmağa çalışır. Bu cür materiallardan biri də alüminiumdur. Alüminium folqa vərəqini hər iki tərəfdən arı mumu ilə örtür və süni şan kimi naxışlanmış şançəkəndən keçirirlər. Alüminium yaxşı istilik keçirdiyindən onun sürfəli yuvada istifadə edilməsi şübhə doğurur, lakin bal şanları və pətək üstlüyü üçün yararlı hesab olunur.
“Dadan və oğulları” şirkəti plastmas özülü ilə süni şandan istifadə etməyi təklif edib. Sınaqlar göstərib ki, arılar onu təmiz arı mumundan olan süni şan kimi yaxşı qəbul edir.
Plastmas - istiliyi pis keçirir, ona görə də ondan həm sürfəli yuva, həm də pətək üstlüyündə istifadə etmək olar. Çərçivəyə düz quraşdırılmış plastmas özülü praktiki olaraq sınmayan yaxşı şan almağa imkan verir. Əgər bu cür şanı qaynayan suya salsanız, arı mumu asanlıqla plastmas özülündən ayrılacaq. Əgər süni şanı soyuq havada köçürsəniz, yolda konteynerin silkələnməsindən süni şan vərəqi çatlayacaq, baxmayaraq ki, bu cür şanların çox yaxşı görünüşü olur, onlar işlənərkən xırda hissələrə dağılacaq. Artıq istilik süni şanın yumşalması və yapışqanlığına səbəb olur.
Diqqət! Şanlama sahəsində olan bu dəyişiklikləri məlumat üçün verməyi lazım bildik.
Arılar 32 dərəcə Selsi temperaturda daha yaxşı süni şanı hörür. Bu temperatur, həmçinin dişli təkərin köməyi ilə süni şan vərəqinə məftilin bərkidilməsi üçün çox yaxşıdır, halbuki bunun üçün daha aşağı temperatur münasib sayıla bilər.