Bu çəki növlərindən olan süni şanlar daha çox yuva şanlarının mərkəzi divarı kimi tanınır. Daha yüngül çəki, növlü süni şanlar isə yüngül mərkəzi divar kimi tanınır və yuva çərçivələrinin təchiz olunması üçün nadir hallarda istifadə olunur. Bu cür hallarda belə şanın hər kiloqramına 3-4 vərəqdən çox istifadə olunur, orada hörülmüş şanlar çox vaxt əyri olur ki, ondan da sürfənin yetişdirilməsi üçün istifadə etmək olmaz. Çərçivə və bölgü balı üçün süni şanı hazırlamaq asandır. Şan balının çərçivələrini almaq üçün 1 kiloqram süni şana 114 x 419 kvadrat millimetr ölçüsü olan 44 vərəq lazım olur. Bölgü şan balının alınması üçün süni şanlara nisbətən bu cür şanların qovuqcuqlarının özüllər və ön hissələri daha ağır olur.
Bölgü balı üçün süni şan çox yüngül olmalıdır ki, hörülmüş bal şanında mumun ağır mərkəzi özülünün qarşısını almaq mümkün olsun. Məhz bu səbəbdən bölgü şan balı üçün süni şan çox nazik şan adlanır. 1 kiloqram bu cür şana 97 x 419 kvadrat millimetr ölçüsü olan 62-69 vərəq sərf olunur. Çox nazik növlü 1 kiloqram süni şanda eyni ölçülü 70 vərəqdən istifadə olunur. Bu cür süni şanlar gec bərpa olunur, çünki adi hallara nisbətən arılar çoxlu mum ayırmağa məcbur olur.
7.4. Süni şanların dezinfeksiyası
Arıların yoluxucu xəstəlikləri, əsasən də çürümələr (Avropa və Amerika) və askosferozun yayılmasının qarşısını almaq məqsədi ilə yalnız dezinfeksiya olunmuş süni şanı pətəyə qoymaq lazımdır. Göstərilən xəstəliklərin törədicilərinin olması təhlükəsi onunla bağlıdır ki, Amerika çürüməsinin törədicilərinə yalnız 127 dərəcə Selsi temperaturda və 0,5 atmosfer su buxarının təzyiqi ilə 2 saat təsir göstərərək öldürmək mümkündür. Avropa çürüməsinin törədicilərini də, həmçinin iki saat ərzində 120 dərəcə Selsi temperaturda məhv etmək olar. Adi texnologiya ilə bu cür dezinfeksiya üsulları nəzərdə tutulmayıb. Qeyd etmək lazımdır ki, bu cür yüksək temperatur mumun quruluşunu məhv edir və onun 2 faiz çəkisini yandırır.
İndi artıq xüsusi üsullar vasitəsilə süni şan hazırlanır və bu üsul işlənilən bütün mumu dezinfeksiya etməyə imkan verir. Bu üsulun tətbiq olunması yüksək effekt verir. Ancaq yaxşı olar ki, təsərrüfatda şan və ya əridilmiş mum ehtiyatı varsa, hər hansı xəstəliyə yoluxma ehtimalı olan şanlar məhv edilsin.
7.5. Süni şanın çərçivəyə bərkidilməsi
Süni şan vərəqi 0,4 və 0,35 millimetr diametri olan qalaylanmış yumşaq məftilin dörd uzunsov kəsikləri ilə yuva çərçivəsinə bərkidilir. Məftili yarıqlarla çərçivənin yan lövhələrindən çəkir, dartır və bərkidirlər. Ondan sonra süni şan vərəqini çərçivəyə qoyur və üst dirəyin oyuğunda sıxıcı lövhələri mıxlarla bərkidirlər. Sonra elektriklə şanlayıcı cihaz, vərdənə və ya dişli təkərin köməyi ilə süni şanı çərçivəyə bərkidirlər (Şəkil 7.4).
1921-ci ildə “Dadan və oğulları” firması şaquli istiqamətdə məftilləri armaturlanmış süni şanın istehsalına başlayıb. Ziqzaqaoxşar məftil düz məftilə nisbətən süni şanı yaxşı saxlayır və mum yumşaldıqda onun sürüşməsinin qarşısını alır (Şəkil 7.5).
Çərçivənin mərkəzi səthində süni şan vərəqinin saxlanması və şanların sallanmasının qarşısını almaq məqsədi ilə yaxşı düzləndirilmiş pətəklərdə süni şanların çərçivə və şaquli istiqamətdə dartılmış məftillərlə təchiz edilərək düzgün istifadə edilməsi kifayətdir.