Hörmətli oxucu!
Azərbaycanda arıçılığın qədim tarixi vardır. Uzun illərdən bəri arılar insanlara xidmət etmiş, yüksək keyfiyyətli məhsulları ilə insanları həm qidalandırmış, həm də onlara şəfa vermişdir. Azərbaycanın zəngin təbiəti bu ərazidə arıçılığın yüksək səviyyədə inkişaf etdirilməsinə münbit şərait yaradır. Hal-hazırda dövlətimiz arıçılığın inkişafına yüksək səviyyədə qayğı göstərir. Azərbaycanda arıçılığın inkişafı “Arıçılıq haqqında Azərbaycan Respublikasının Qanunu” ilə tənzimlənir.
Arı insan tərəfindən əhliləşdiriləndən sonra yüzilliklər boyu ona qulluq olunmuşdur. Lakin uzun əsrlər keçdikdən sonra arının saxlanma üsulları təkmilləşdirilmiş, nəhayət bugünkü səviyyəyə gəlib çatmışdır. Müasir arıçılıqda arıya qulluğu avadanlıqlarsız təsəvvür etmək çətindir. Arıçılıqda yeni üsul və avadanlıqların tətbiqi yüksək məhsuldarlığa səbəb olmuşdur. Bu modulda arıçılıq avadanlıqlarından söhbət açılacaq.
Arıçılıqda şan mühüm vasitədir. Onsuz arını təsəvvür etmək olmaz. Burada şanların istifadə qaydası və qorunması, pətəklərin sistemləri, arıçılıq alət və avadanlıqları, müasir balsüzənlər haqqında ətraflı məlumat verilmişdir. O cümlədən yeni şanların bərpası, süni şan və onun istifadə olunması, çərçivələrin hazırlanması, şanlanması və digər məsələləri geniş öyrənəcəksiniz. Öyrənilən hər bir məsələnin sizin gələcək işiniz üçün mühüm əhəmiyyəti vardır. Ona görə də hər bir modulda verilən ayrı-ayrı təlim nəticələrini diqqətlə öyrənməyinizi tövsiyə edirik.
Əziz oxucu! Bu modulda olan mövzuların tədris olunması nəticəsində siz arıxana tikililəri, arıçılığın inventar və avadanlıqları haqqında biliklər qazanacaq və onların istifadə qaydalarına dair bacarıqlara yiyələnəcəksiniz.
Modulun ilk peşə-ixtisas təhsili müəssisələrində “Arıçı” mütəxəssislərinin hazırlanmasında dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun və əhəmiyyətli hesab edilir.