Mumun ayrılması üçün nəinki təzə karbohidrat yem, hətta arıların zülalla qidalanması da çox vacibdir. Çiçək tozu nə qədər çox yığılsa, bir o qədər də arılar çox mum ayıracaq (Şəkil 6.5). Həmçinin məlumdur ki, sürfələr yetişdirilərkən və ailə inkişaf etdirilərkən mum ayrılır. Bu, onunla əlaqəlidir ki, yaxşı hava şəraiti və kifayət qədər zülal yemi olduqda gənc arılarda sürfələrin yemlənməsi üçün südayıran mum vəzləri inkişaf edir və işləyir.
Ailələrdə şanların hörülməsi eyni zamanda digər işlər, əsasən də sürfələrin yetişdirilməsi ilə yanaşı aparılır. Ailənin gücü mum məhsuldarlığına böyük təsir göstərir. Məhz bu səbəbdən güclü ailələrin saxlanılması nəinki bal məhsuldarlığının artırılması, hətta mum məhsuldarlığının artırılması üçün də çox vacib sayılır. Arıların mum ayırmasına ailədə mayalı ananın olması təsir edir. Anasız və beçəverməyə hazırlaşan ailələr şanların hörülməsini kəskin şəkildə azaldır, bəzən də tamamilə dayandırır.
Yeni pətəyə yerləşdirilən beçə isə əksinə çoxlu mumayırma və şan hörmə enerjisi ilə seçilir. Yuvada boş yerin olması da mumayırmanı stimullaşdırır.
Praktiki işdə bunların hamısını nəzərə almaq lazımdır ki, şanların hörülməsi və mum istehsalının artırılması üçün arılar maksimum dərəcədə potensial imkanlardan istifadə edə bilsin. Ailə müəyyən sayda mumun istehsalı və sürfələrin yetişdirilməsinə nə qədər və hansı yemdən istifadə edir? Onlar fərqli olur. Bəzi mənbələrə əsasən 1 kiloqram mumun istehsalı üçün 12-20 kiloqram, digər mənbələrə əsasən 35-36 kiloqram bal sərf olunur. Müəyyən olunub ki, arılar zülal yemi ilə qidalanarkən mumun ayrılmasına sərf olunan balın miqdarı azalacaq. Təcrübə göstərib ki, ailə normal şəraitdə inkişaf etdikdə, həmçinin nektar və çiçək tozu yığımı olduqda arıların mum ayırması üçün əlavə yemin sərf olunmasına ehtiyac olmur.
Gənc arıların yemlə qidalanması müxtəlif vəzlər, o cümlədən mum vəzlərinin ayırdığı enerjinin yığılması və maddələrin sintezi, həmçinin orqanizmin bir çox digər funksiyalarının qorunub saxlanılması üçün yaxşı materialdır.
Şanların bərpası üçün arıların həyat fəaliyyəti prosesində ayırdığı mumdan maksimum səviyyədə istifadə etmək çox vacibdir. Arıxananın bütün ailələrini lazımi miqdarda şanla təmin etmək və satış mumu artırmaq üçün hətta yığımsız vaxtlarda belə arıları şanların bərpası işi ilə yükləmək lazımdır (Şəkil 6.6). Həmçinin nəzərə almaq lazımdır ki, satış mumunun alınmasının əsas mənbəyi şanların çıxdaş edilməsidir.
Şanlar yüksək keyfiyyətli olmalıdır: düzgün hörülməmiş, çoxlu erkək arı və ya uzunsov qovuqcuqlarla olan şanlardan arıların yetişdirilməsi üçün istifadə olunmur: orada ailələr çoxlu erkək arı sürfəsi bəsləyir. Sürfələrin güclü olması vacibdir, həmçinin arı ailələrinin köçürülməsi və balın süzülməsi zamanı onların sındırılmaması əsas şərtdir.