Beşinci nəsil çıxdıqdan sonra arılar bütün baramaların dördə üç hissəsini atır. Beləliklə, nə qədər şan qocalırsa, bir o qədər də arılar öz yuvalarını baramadan təmizləmək üçün enerji sərf edir. Digər tərəfdən az sayda nəslin doğulması (5-6 nəslə kimi) qovuqcuqların həcminin dəyişilməməsi, onların divarlarının təmizlənməsi və yuxarıdan divarların əlavə hörülməsi ilə müşahidə olunur.
15 sürfə nəsli doğulduqdan sonra arılar qovuqcuqların həcminin kəskin şəkildə azalmasına imkan vermir, onların divarlarını təmizləyir və yuxarıdan divarları əlavə hörür.
Yuva şanında orta hesabla 5-6 nəsil doğulur. Beləliklə, 2-2,5 ildən sonra yuva şanlarının qovuqcuqlarının həcmi azalır, buna isə səbəb arılardır. Növbəti dəfə istifadə olunarkən şan tədricən tündləşir, açıq rəngdən tünd-şabalıdı, sonra isə qara rəngə çevrilir.
Yeni hörülmüş şanın çəkisi təxminən 140 qramdır. Altı-yeddi sürfə nəsli çıxdıqdan sonra onun çəkisi 280-300 qram olacaq, 15 nəsil doğulduqdan sonra isə 400-450 qrama çatacaq. Sürfə çıxdıqca divarlar, əsasən də qovuqcuğun altlığının qalınlığı artır, qovuqcuqların həcm və diametri isə azalır.
Baramaların didilməsi və köhnə qovuqcuqların təmizlənməsinə arılar çoxlu vaxt və enerji sərf edir. Qovuqcuqların dibində yığılan sürfələrin nəcis qalıqlarında, arılar üçün zərərli olan çoxlu mikroorqanizmlər olur. Kiçilmiş qovuqcuqları olan köhnə şanlarda xırda və yüngül çəkili, qısa sorucu ağız aparatı, balaca qanadları və tergitləri olan arılar saxlanılır. Bu səbəbdən, adətən 10-12 arı nəsli çıxdıqdan sonra şanlar çıxdaş edilir və əridilir. Çoxlu erkək arı qovuqcuqları olan, kiflənmiş, həmçinin çox işlənmiş vəziyyətdə olan açıq şanlar, həmçinin istifadədən çıxarılır.
Bütün fəal dövr ərzində, əsasən də yazda yuvalar qısaldıldıqdan və payızda bal yığımı qurtardıqdan sonra şanlar çıxdaş olunur. Mövsüm ərzində nə qədər çox yeni şan hörülsə, köhnələnlər və yararsızlar çıxdaş olunsa, bir o qədər də arıxananın mum məhsuldarlığı artacaq.
6.2. Yeni şanların bərpası
Şanların bərpasını uğurla həyata keçirmək üçün arıların ayırdığı mum və onların inşaat fəaliyyətinə təsir edən amillərini bilmək lazımdır. Arıların ayırdığı mum və hördüyü şanlar bir çox daxili və xarici amillərin mürəkkəb kompleksindən pətəyə təzə nektar və çiçək tozunun gətirilməsi, arıların fizioloji vəziyyəti, yaşı, sayı, onların sürfələrinin bəslənməsi, ananın keyfiyyəti, temperatur rejimi, yuvada boş sahənin olması və nəhayət arıların təbii xüsusiyyətlərindən asılıdır. Yığım olmayan vaxtda hətta kifayət qədər yem ehtiyatı olduqda, adətən arılar şanlar hörmür. Arı ailələrinin bu xüsusiyyəti inkişaf prosesində arıların yığdığı ehtiyatlarını qənaətlə istifadə etmək məqsədi ilə bir mexanizm kimi formalaşmışdır.
Arıların ayırdığı mumun potensial imkanları genişdir, lakin onlardan yalnız ailəyə lazımi şərait yaradıldıqda şanların hörülməsi və mum istehsalının artırılması üçün istifadə oluna bilər.
Güclü ailənin orta potensial imkanları mövsüm ərzində 5-6 kiloqram mum təşkil edir. Bu, ailənin mum məhsuldarlığından bir neçə dəfə çoxdur. Pətəyə daxil olan təzə nektar və mumayırma intensivliyinin kəmiyyəti arasında birbaşa əlaqənin olduğu müəyyən olunub.