Ailənin gücü, ananın keyfiyyəti və digər xüsusiyyətlərindən asılı olaraq sürfə üçün 70-80 faiz qovuqcuqdan istifadə olunur. Sürfə üçün ailənin şanlara olan tələbatı ananın fərqli yumurta qoymasından asılı olaraq aşağıda göstərildiyi kimi dəyişilir: orta hesabla gün ərzində ana 500 yumurta qoyduqda 15000 qovuqcuq və ya 2-3 şan əhatə olunur, ana 1000 yumurta qoyduqda 30000 qovuqcuq və ya 5-6 şan əhatə olunur, standart çərçivəyə ana 2000 yumurta qoyduqda 60000 qovuqcuq və ya 10-11 şan əhatə olunur (Şəkil 6.4).
Pətəyə gətirilən nektarın işlənməsi və əsas bal yığımı zamanı balın hazırlanması üçün ailənin şanlara çox böyük ehtiyacı olur.
Hesablamalar göstərir ki, 5 gün bal yığımı ərzində gündəlik artım 1 kiloqram olmaqla nektarın işlənməsi və balın hazırlanması üçün 18000 qovuqcuq və 2-3 şan lazımdır, 4 gün ərzində 4 kiloqram artım olduqda isə 74000 qovuqcuq və ya 9-10 çərçivə lazımdır, 8 gün ərzində 1 kiloqram artım olduqda təxminən 160000 qovuqcuq və ya 19-20 şan lazım olur.
Bu səbəbdən hər ailəyə standart 12-çərçivəli pətək üçün 12 yaxşı hörülmüş yuva və 20-24 calaq şanı lazımdır, yatıq pətəklərdə 20 yuva və 24 calaq şan lazımdır, ikigövdəli pətəklərdə 24 yuva şanı, çoxgövdəli pətəklərdə isə 30-40 şan lazımdır.
Şan paketi ilə məşğul olan təsərrüfatlar üçün də çoxlu şan lazımdır, çünki hər paket ailəsi satıldıqda təsərrüfatdan 4-6 çərçivə çıxır. Çox vaxt şanların az olması paket istehsalının həcmini azaldır. Məhz bu səbəbdən bütün arıxanalarda şanların bərpası və mum istehsalının artırılmasına xüsusi diqqət yetirmək lazımdır.
Arı ailələrinin inkişafı və məhsuldarlığı baxımından şanların keyfiyyəti də çox əhəmiyyətlidir. Sürfənin hər bir nəsli çıxdıqdan sonra qovuqcuqlarda divarlar və altlığa bərk yapışan sürfələrin baramaları və nəcisi qalır. Arılar baramaların bir hissəsini didir və atır, lakin baramaların bir çox hissəsi və nəcis qovuqcuğunun həcmini azaldaraq orada qalır.
Məsələn, sürfənin birinci nəsli çıxdıqdan sonra qovuqcuqda baramanın 14 milliqram çəkidə hissələri qalır, beşinci nəsildən sonra 25 milliqram, iyirminci nəsildən sonra isə 59 milliqram qalıqlar qalır. Nəsil artdıqca arılar baramaları qovuqcuqlardan daha yaxşı təmizləyir.