6. Şan anlayışı
Hər bir arı ailəsi çərçivələrdə şanların komplekti ilə təmin olunmalıdır: yatıq pətəklərdə 20-24-dən az olmayaraq, çoxgövdəli pətəklərdə isə 30-40 çərçivə şan olmalıdır. Şanların komplekti arıxananın qızıl fondudur. Qeyd etmək lazımdır ki, arı ailələri üçün şanlar əsas atributdur (Şəkil 6.1 və Şəkil 6.2).
Arı ailəsi güclü orqanizm kimi nəinki arı, eyni zamanda ana və erkək arılar da hesab olunur. Buraya mütləq şanları da daxil etmək lazımdır. Məhz orada sürfələr saxlanır. Arıların fəal mövsümünün yaşam dövrü ərzində sürfəli ailə hamilə arı anasına bənzəyir, şanlarda balı isə məməlinin qarnı ilə müqayisə etmək olar.
Bal yığımı zamanı arı ailəsinin işinin müvəffəqiyyəti şanların kifayət qədər sayda olmasından asılıdır. Onların az olması məhsulun yığılmamasına səbəb olacaq, lazımi sayda şanların olması, arıların yaxşı məhsul yığması deməkdir. Beləliklə, şanlar həddindən artıq güclü orqanizmin fizioloji yaşaması və onun məhsuldarlığı üçün çox zəruri və böyük mahiyyəti olan arı ailəsinin tərkib hissəsidir.
6.1. Şanların bərpası
Arı ailəsinin mütərəqqi təkamülündə yuvanın qurulması instinktinin təkmilləşdirilməsi mühüm rol oynayır, bu proses, həmçinin çoxlu sayda yem ehtiyatlarının yığılması və saxlanılmasına imkan yaradır, eyni zamanda bal arılarının geniş yayılması və onların təsərrüfatda istifadə olunmasına səbəb olur. Çoxlu sayda yüksək keyfiyyətli şan ehtiyatlarının yaradılması müasir arıçılıqda arı ailələrinin inkişafı, arıçılıq məhsullarının artırılması və onun keyfiyyətinin yaxşılaşdırılması, nəhayət arıçının əməyinin məhsuldarlığının artırılması üçün çox mühüm əhəmiyyət kəsb edir. Yazda şanların çatışmazlığı ananın yumurta qoyması və ailənin artımını azalda bilər. Əsas yığımdan əvvəl şan ehtiyatlarının az olması bal yığımının pozulmasına səbəb ola bilər. Şanların lazımi sayda olmaması səbəbindən tez-tez məcburi olaraq kal balın süzülməsi məhsulun keyfiyyəti və arıçının əməyinin məhsuldarlığını azaldır.
Adi çərçivənin şanında (435 x 300 millimetr ölçüsündə) hər iki tərəfdə 8000 arı qovuqcuğu, çoxgövdəli pətəyin şanında (çərçivənin ölçüsü 435 x 230 kvadrat millimetr) isə 6000-ə yaxın arı qovuqcuğu olur (şanın 1 kvadrat santimetr səthində 4 arı qovuqcuğu yerləşir) (Şəkil 6.3).