4.4.1. Tüstü körüyü
Arılarla işləyərkən tüstü körüyü arıçını qoruyur. Arı yuvasına baxış keçirilərkən tüstü axını yaratmaq və arıları sakitləşdirmək üçün istifadə olunur. Tüstü körüyünün konstruksiyası sadə olmalıdır (Şəkil 4.11).
Sadə tüstü körüyü tənəkədən hazırlanmış və üst küncü kəsilmiş konus halında olan qatlanan boru ilə bağlanan dairəvi gövdədən ibarətdir.
Gövdənin altlığından 20 millimetr məsafədə üzərinə tüstü yaradan material qoyulan barmaqlıq olur. Gövdəyə körük bərkidilir ki, onu basmaqla barmaqlığın altında olan hava çıxa bilsin. Barmaqlıqda olan yarıqlar vasitəsi ilə hava çürüyən materiala düşür, sonra oradan keçir və tüstü axını ilə birgə borudan çıxır. Tüstü soyuq olmalıdır. Bunun üçün çürümüş materialdan istifadə edirlər.
4.4.2. Üz toru
Çox vaxt üz toru ilə papaqdan istifadə olunur. Bu papaq parçadan olur, papağın enli tərəflərini isə polad çənbəri saxlayır. Papağa sərbəst tül salınır və ya papağın tərəflərinə tikilir. Yaxşı görmək üçün tül torun üz tərəfi qara rəngdə olur. Arıların torun altından keçə bilməməsi üçün tüldən olan torun aşağı hissəsini iplə dartırlar. Bu üz toru çox rahat olur, çünki havanı yaxşı buraxır, arıçı onda tərləmir və ondan yaxşı görür (Şəkil 4.12).
4.4.3. Arıçı kombinezonu
Arıların sancmasından qorunmaq üçün istifadə olunur. Açıq rəngli və saya parçadan hazırlanmış yüngül kombinezondur. Kombinezon iki hissədən ibarətdir: arıların gödəkçənin altından keçməməsi üçün onu şalvara salmaq lazımdır. Qol və şalvarın balaqlarına rezin iplər salınır ki, arılar keçə bilməsin (Şəkil 4.13).