4. Arılara qulluq üçün lazım olan alət və avadanlıqlar
Arı xalq təsərrüfatı üçün çox faydalıdır. Bal, mum, bərəmum, arı zəhəri, çiçək tozu - arıçılıq məhsullarının tam siyahısı.
Kənd təsərrüfatı istehsalatı, əsasən də torpaqdan istifadə zamanı inkişaf etmiş ölkələrdə arıların böyük rolu var.
Meyvə-giləmeyvə ağacları və kolluqları, əsas kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması, həmçinin toxum, meyvə, tərəvəzlərin keyfiyyətinin yüksək olmasında arıların həyat fəaliyyətinin nəticələri daha çox özünü büruzə verir.
Arıçılar öz təcrübələrində müxtəlif təyinatlı çoxlu sayda avadanlıqdan həmişə məqsədyönlü istifadə edirlər. Bu səbəbdən bu modulun məqsədi arıçılıq avadanlığı və qurğularının konstruksiyası və onların istifadə qaydaları ilə arıçıları tanış etməkdən ibarətdir.
4.1. Pətək avadanlıqları
Pətəyin komplekti avadanlığın əsas vahididir. Onun tərkibinə arıların şanları bərpa etməsi üçün lazım olan, mıxlarla bərkidilmiş üst və alt dirək və iki yan ensiz lövhədən ibarət olan çərçivələr daxildir. Çərçivələr pətəyin əsas tərkib hissələri sayılır. Uzunluq və hündürlüyünə görə hər çərçivənin öz ölçüsü var.
Çərçivələrin aşağıdakı növləri olur:
Dadan-Blatt çərçivəsinin ölçüsü 435 x 300 millimetrdir. Çərçivənin üst təmasının ölçüsü 470 x 25 x 22 millimetr, aşağı təması isə 415 x 10 x 10 millimetrdir. Çərçivə yanlığının yuxarı hissəsi 37 millimetr, aşağı hissəsi 25 millimetrdir. Yan taxtasının ümumi hündürlüyü 290 millimetr, qalınlığı isə 10 millimtrdir (Şəkil 4.1 və Şəkil 4.2).
Yarım gövdə çərçivəsinin ölçüsü 435 x 145 millimetrdir. Çərçivənin üst təmasının ölçüsü 470 x 25 x 22 millimetr, aşağı təması isə 415 x 10 x 10 millimetrdir. Çərçivə yanlığının yuxarı hissəsi 37 millimetr, aşağı hissəsi 25 millimetrdir. Yan taxtasının ümumi hündürlüyü 135 millimetr, qalınlığı isə 10 millimetrdir (Şəkil 4.3). Çoxgövdəli pətək çərçivəsinin ölçüsü 435 x 230 millimetrdir (Şəkil 4.4).