3. Arıçılıq alətləri
Arıçılıq alətləri istehsalatda çox mühüm rol oynayır. Alətlərin olmaması hər hansı işin görülməsini mümkünsüz edir. Hər bir arıxana lazımi avadanlıqla təchiz olunmalıdır (Şəkil 3.1).
Arıçı iskənəsi, tüstü körüyü və üz toru arıçılıq alətləri arasında ən vacibi hesab olunur. Heç bir iş onlarsız mümkün deyil. Beləliklə, ailəyə baxış keçirilməmişdən əvvəl tüstü körüyü yandırılmalı, üz toru geyinilməli, arıçı iskənəsi götürülməlidir (Şəkil 3.2).
Arı ailəsinin yanına gedərkən arıçı özü ilə mütləq iş qutusunu götürməli, qutuda isə mütləq qaydada ən sadə alətlər olmalıdır: arıçı bıçağı, mürəkkəb bıçaq, çəkic, arı süpürmə fırçası, pətəyin tam açıq olmaması məqsədi ilə baxış zamanı pətəyi qismən örtən nazik pərdə (Şəkil 3.3).
Arıların qidalanması üçün yem təknələri, su içmələri üçün suvatlar, çıxdaş olunmuş şanların əridilməsi üçün isə günəş muməridəni, buxar muməridəni kimi alətlər tələb olunur. Pətək və çərçivələrin hazırlanması, çərçivələrin şanlanması üçün isə alət və qurğular da, həmçinin lazım olur.