V. A. Nestervodskinin məlumatlarına əsasən arıların əvvəl isti, sonra isə soyuq yığımla saxlanılması arıların yetişdirilməsi və ailənin məhsuldarlığını 15-18 faiz artırır. Bu pətəklər üçün çərçivələrin ölçüsü 435 x 300 millimetr təşkil edir. Çərçivələri quraşdırmaq üçün pətəyin ön və arxa divarlarının eni 11 millimetr və hündürlüyü 20 millimetr olan oyuqlar hazırlanır, onların üstündən isə tavan taxtaları üçün iki oyuq açılır.
Pətəyin komplektinə bütöv ayırıcı taxta və arakəsmə taxta daxildir. Pətəkdə kiçik ailə və ya beçə ilə olan arı ailəsi saxlamaq olar. Yazda lazımi istilik rejimini yaratmaq üçün iki kiçik və ya bir zəif ailə ilə güclü ailə birlikdə yatıq pətəyə yerləşdirilir, ailələr isə bütöv arakəsmə ilə ayrılır (Şəkil 2.14).
Arılar üçün müasir pətəklər 2 əsas tələbə cavab verməlidir: birinci - arılar üçün yaxşı yaşayış yeri, ikinci - arılarla işləyən zaman rahat olmalıdır. Yuva hava şəraiti üçün yararlı olmalıdır. Çünki yuva arıları yağış, qar və günəşdən qoruyur. Pətək kifayət qədər geniş olmalıdır ki, onu havalar soyuq olan vaxtı qısaltmaq, havalar istiləşdikcə ailənin inkişafı və bal yığımı ilə əlaqədar genişləndirmək olsun.
Müasir pətəklərə penopolistiroldan hazırlanmış ikigövdəli, çoxgövdəli və yatıq pətəkləri də aid etmək olar (Şəkil 2.15). Penopolistirolun üstünlükləri yüngül, istilikkeçiricilik qabiliyyəti və möhkəm olmasıdır. Qışda bu pətəklər isti olur, yayda isə daxilə günün qızdırıcı istiliyini çox vermir. Penopolistirol pətəklər çatlamır, nəmlənmir və taxta pətəklərdə olduğu kimi düyünlər və dəlikləri olmur.
Şəkil 2.15. Müxtəlif penopolistirol pətəklər