1.2. Arıçı emalatxanası və digər binalar
Arıçı emalatxanası - arıçılıq təsərrüfatı və fermanın hər bir səyyar arıxanası və mərkəzi yerlərində emalatxana olmalıdır. Orada arıçılıq işləri görülür, pətək və digər avadanlıqlar hazırlanır və təmir olunur (Şəkil 1.2). Onun daxili hissəsinin ölçüləri: eni 5,8 metr, uzunluğu 14,8 metrdir. Zərurət olduqda emalatxananın ölçüləri artırıla bilər. Emalatxananın tərkib hissələri: 1 - balsüzmə, mum xammalının emalı, çərçivələrin şanlanması və digər arıçılıq işlərinin görülməsi üçün nəzərdə tutulmuş otaq, 2 - pətək və digər arıçılıq avadanlıqlarının hazırlanması və təmiri, həmçinin istiləşdirici materialların hazırlanması, pətəklərin rənglənməsi üçün nəzərdə tutulmuş otaq, 3 - ehtiyat şanlarının saxlanılması üçün nəzərdə tutulmuş otaq, 4 - laboratoriya müayinələrinin aparılması, arıçılıq qeydlərinin aparılması üçün nəzərdə tutulmuş otaq, 5 - paltarların saxlanılması üçün şkafla olan dəhliz, ayaqyolu. İşlək otaqlar və arıçının otağı qızdırılır.