Hörmətli oxucu!
Azərbaycanda arıçılığın qədim tarixi vardır. Uzun illərdən bəri arılar insanlara xidmət etmiş, yüksək keyfiyyətli məhsulları ilə insanları həm qidalandırmış, həm də onlara şəfa vermişdir. Azərbaycanın zəngin təbiəti bu ərazidə arıçılığın yüksək səviyyədə inkişaf etdirilməsinə münbit şərait yaradır. Hal-hazırda dövlətimiz arıçılığın inkişafına yüksək səviyyədə qayğı göstərir.
Arıçılıq dünyada analoqu olmayan kənd təsərrüfatı sahəsidir. Bu sahənin gəlirliliyi haqqında çox yazılıb. Kənd təsərrüfatının elə bir sahəsi yoxdur ki, onun qədər gəlir gətirsin. Bu o demək deyil ki, arıçılıq öz-özünə gəlir gətirəcək. Bu gəlir güclü arıçıların yüksək əmək və zəhməti sayəsində başa gəlir.
Bu modulda arıçılıqda çox vacib məsələlərdən olan ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyinin əsasları, arıçılıqda əməyin təhlükəsizliyinin əsasları, arı ailələrinə baxış keçirilmə texnikası, müxtəlif cinsli arıların davranış xüsusiyyətləri, işin gigiyenası və xüsusi geyim, arılarla işləyərkən davranış qaydaları kimi məsələlər ətraflı şərh edilmiş və mövzulara uyğun praktik tapşırıqlar verilmişdir.
Əziz oxucu! Bu modulda olan mövzuların tədris olunması nəticəsində, Siz ətraf mühitin qorunması və təhlükəsizlik qaydaları haqqında nəzəri biliklər qazanacaq və həmin qaydaların həyata keçirilməsi ilə bağlı bacarıqlara yiyələnəcəksiniz. Mühüm məsələlərdən biri də insan sağlamlığının qorunmasıdır. Bunun üsullarını siz məhz bu modulda öyrənəcəksiniz. Çünki hər kəs arı sancması zamanı ilk yardım məsələlərini bilməlidir. Kimlərin arılarla işləyə bilməsi, arı sancması zamanı hansı təhlükələrin olmasını hər kəs bilməlidir. Arılarla işləyərkən hansı gigiyena qaydalarına əməl olunması, qulluq zamanı təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini arıçı qabaqcadan bilməlidir. Bu günün təhsilalanı sabahın arıçısıdır.
Modulun ilk peşə-ixtisas təhsili müəssisələrində “Arıçı” mütəxəssislərin hazırlanmasında dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun və əhəmiyyətli hesab edilir.