Baxış keçirilən çərçivəni pətəyin üstündə şaquli istiqamətdə qoyun. Əgər ailəyə baxış keçirilərkən çərçivələrdən ana və ya digər arılar düşərsə, onlar yerə yox, yuvaya düşəcək, yəni itməyəcək (Şəkil 4.6). Şanlar üfüqi istiqamətdə olduqda isə, əsasən də isti havada yeni hörülmüş şanlar əyilə, çatlaya və çərçivədən düşə bilər, təzə nektarın damcıları isə şanların üst tərəfindən qovuqcuqlardan süzülə bilər. Bəzən isə yaxşı bərkidilməmiş sayrım da düşə bilər.
Pətəyin hər iki tərəfindən 3-4 santimetr boşluq olduqda oradan çərçivəni çıxartmaq
rahat olur. Boşluğu əmələ gətirmək üçün yan tərəfdə yerləşən istiləşdirici materialları çıxardın və arakəsmə taxtanı kənara qoyun. Baxış keçirilməsi lazım olan çərçivəni yuvanın əmələ gələn boşluğuna qoyun, sonra isə pətəkdən çıxardın. Əgər pətək çərçivələrlə tam doludursa, əvvəlcədən iskənənin köməkliyi ilə bir-iki çərçivəni dartıb çıxardın, sonra isə baxış keçirdikdən sonra müvəqqəti olaraq daşınan qutuya qoyun. Yuvaya baxış keçirilməsini bitirdikdən sonra bu çərçivələri köhnə yerlərinə qoyun. Əgər ana arını axtarmaq lazım gələrsə, arıların təlaşlanmaması və şanlardan düşməməsi üçün az tüstü vermək lazımdır. Bu cür halda diqqətlə və ardıcıl olaraq bütün çərçivələrə baxış keçirmək lazımdır. Çox vaxt mayalanmış ananı yeni yem olan çərçivələrin üzərində tapmaq olar.
Yuvadan bir neçə çərçivə çıxartmaq lazım gələrsə, onda arılarla olan çərçivələri çıxardın və qapağı bağlı qutuda müvəqqəti olaraq saxlayın. Yuvanı yığdıqdan və baxış keçirildikdən sonra ayırıcı taxta ilə yuvanın künc çərçivəsi arasında olan boş sahəyə həmin çərçivələrdən arıları sirkələyin. Bunun üçün çıxarılması nəzərdə tutulan çərçivəni iki əllə künclərindən tutun, yarıya kimi pətəyə salın və bir neçə qısa kəskin hərəkətlə arıları çərçivədən sirkələyin. Analıq olan şanlardan arıları sirkələmək olmaz, çünki kəskin hərəkətlərlə ana sürfə və puplarını zədələmək olar. Bu cür çərçivələrdən arıları çox ehtiyatla fırça və ya süpürgə ilə süpürmək lazımdır.
4.4. Yığımsız vaxtda arı ailələrinə baxışın keçirilməsi
Oğurluq hallarına yol verilməməsi üçün arılara çox ehtiyatla baxış keçirin. Yığım olmadıqda oğru arılar nəinki baca, hətta pətəklərin yarıqlarından keçməyə çalışır, onlar pətəyin hər bir tərəfində dövr edərək ora keçməyə cəhd edir (Şəkil 4.7). Əgər bunun qarşısını alan heç bir tədbir görülməzsə, arı oğurluqları nəzərə çarpmadan baş verəcək, sonra isə bir çox ailələrə yayılacaq və arıxanaya böyük ziyan vuracaq. Oğru arıların pətəyə keçməsi cəhdi keşikçi arıları narahat edir, onlar bacanın yaxınlığında oğru arılarla dava edir, nəticədə isə arılar bir-birini sancır. Əgər hər hansı səbəbdən ailə oğru arılarla tam mübarizə etmirsə, oğru arılar pətəyə keçəcək və balı yığdıqdan sonra pətəkdən uzaqlaşacaq (pətəkdən çıxan oğru arı tutulsa və onun qarıncığına basılsa, sorucu ağız aparatından bal damcısı çıxacaq).