Orta Rusiya arıları qıcıqlandırıcı əşyalara çox kəskin şəkildə reaksiya verir, onlarda fəal müdafiə instinkti çox yaxşı inkişaf edib, yuvanın sökülməsilə isə baxışın keçirilməsi arıların həyat fəaliyyətini pozur. Onlar yuvadan çıxarılmış çərçivələrdə işini dayandırır və şandan saqqal formasında sallanır.
Buna baxmayaraq, Cənubi Rusiya arılarına nisbətən Orta Rusiya arılarının ana arısını tapmaq çox çətin olur. Orta Rusiya arı ailələrinə baxış keçirilərkən arıların sancmasının qarşısını alan tor və kostyum geyimləri, həmçinin tüstü körüyündən istifadə olunmalıdır.
Adətən cənub arıları nisbətən daha az qəzəbli olur, daxili qıcıqlandırıcılara o qədər də kəskin reaksiya vermir. Bozdağ Qafqaz arıları çox mehriban, İtaliya arıları nisbətən bir az hirsli olur. Bu cür ailələrə baxış keçirilərkən tor və tüstü körüyündən istifadə etməmək də olar. Pətəkdən götürülən şanın üzərində arılar nisbətən düz yerləşir və öz işini sakit davam edir. Ana arı yumurta qoymağı dayandırmır.
Qəzəblilik dərəcəsi və yuvanın sökülməsinə reaksiyasına görə Uzaq Şərq, Ukrayna çöl və Şimali Qafqaz dağları arıları Orta Rusiya, Bozdağ Qafqaz və Krain (karnika) arılarının arasında aralıq yer tutur. Kuban, Qafqaz və İtaliya arıları oğurluğa daha çox meylli olmaları ilə seçilir ki, bunu da arı ailələrinə baxış keçirilərkən, əsasən də bir arıxanada müxtəlif cinsli arılar olduqda nəzərə almaq lazımdır. Bu cür hallarda vaxtından əvvəl oğurluğun qarşısının alınması məqsədi ilə müəyyən tədbirlər görmək çətindir. Əsas odur ki, Orta Rusiya arılarına nisbətən Cənub növ arıları öz yuvalarını oğurluqdan daha yaxşı qoruyur.
Nəzərə almaq lazımdır ki, arı cinsləri və hətta ayrı-ayrı arıxanaların hüdudları çərçivəsində müxtəlif arı ailələrində qəzəblilik və oğurluğa meyllilik eyni olmur. Nisbətən az oğurluq edən Bozdağ Qafqaz arıları və digər arı cinsi ailələrində olduğu kimi Orta Rusiya arılarının arasında da həm yalnız qəzəbli, həm də daha az qəzəbli arılara rast gəlmək olar. İrsi amillərdən başqa, arıların qəzəbliliyinə ətraf mühitdə baş verənlər də təsir edir. Yığımın birdən-birə dayandırılması, ananın ölməsi, erkəkləşmiş arıların olması, ailədə çoxlu uçan arının (əsasən də yaşlı) olması, pis hava şəraiti arı ailələrinin qəzəbliliyini artırır. Əksinə, gündüz vaxtları uçan arıların əksəriyyəti nektar və çiçək tozunun yığımı ilə məşğul olduğu vaxtda yaxşı yığım, isti sakit hava və ailə normal vəziyyətdə olduqda ailələr daha az hirsli olur.
Həmçinin maraqlıdır ki, müxtəlif növ arılar tüstüyə fərqli cür reaksiya verir. Orta Rusiya arılarına tüstü daha çox “təsir edir”, onları tüstü burumları ilə çərçivələrdən çıxartmaq rahat olar. Cənub arıları tüstüyə cavab olaraq nəinki qaçmır, hətta çox vaxtı yerlərində dayanaraq qarıncıqlarını sancma tikanı ilə birlikdə yuxarı qaldırır.
4.2. Arı ailələrinə baxış keçirmək
İri arıxanalarda nəinki arı ailələrinin baxış keçirilməsini minimum həddə çatdırmaq və baxış keçirmə üslublarından əlverişli istifadə etmək, hətta zəruri avadanlıq və alətləri əvvəlcədən yaxşı hazırlamaq lazımdır (Şəkil 4.1). Mövsümün əvvəlində tüstü körüyü, üz toru, iş geyimi, iş qutuları, çərçivələrin köçürülməsi üçün nəzərdə tutulan qutular, yem təknələri, arıçılıq iskənəsi, əlüzyuyan, dəsmal, sabun, dezinfeksiya maddələri, arıçılıq qeydləri üçün nəzərdə tutulan jurnal, nəzarət pətəkləri üçün tərəziləri hazırlamaq lazımdır. Eyni zamanda arıçılığın fəal mövsümü ərzində arı ailələrinə qulluq üçün vaxtı-vaxtında zəruri sayılan təmir işlərinin görülməsi, avadanlıq və alətlərin hazırlanması çox vacib hesab olunur: