4. Arılarla işləyərkən davranış qaydaları
İstehsalat maraqları baxımından arı ailələrinin həyat fəaliyyətini tənzimləmək, həmçinin onun inkişaf və məhsuldarlığı üçün əlverişli şərait yaratmaq məqsədi ilə ailənin vəziyyət və şəraiti ilə tanış olmaq lazımdır. Arı ailələrinin vəziyyətinin müəyyən edilməsi tədbirlərindən biri də ailənin yuvasına baxış keçirilməsidir.
Nəzərə almaq lazımdır ki, hər dəfə ailəyə baxış keçirilərkən onun yuvası müəyyən dərəcədə (qismən və ya tam) yığılıb-söküldükdə ailənin normal fəaliyyəti pozulur, arılar qıcıqlanır və öz funksiyalarını yerinə yetirməkdən yayınır. Nəticədə arı ailəsinin inkişaf sürəti və məhsuldarlığı azalır. Bundan başqa əsasən əlverişsiz hava şəraitində yuvanın sökülməsi ilə yanaşı, arı ailələrinə baxışın keçirilməsi yuvanın temperatur rejimini azaldır, çox vaxt arı oğurluqları və hücumları, həmçinin yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Arı ailələrinə baxış keçirilərkən arıçı çoxlu əl əməyi sərf edir, çünki bu günə kimi yuvanın yığılması ilə bağlı baxış keçirmə prosesi hələ mexanikləşdirilməmişdir. Bir çox hallarda işlək arıxanaların işinin məhsuldarlığını azaldan əsas səbəb özünü doğrultmayan ailələrə tez-tez baxışın keçirilməsidir.
Unutmayın ki, kiçik, həvəskar arıxanalar və ixtisaslaşdırılmış iri arıxana təsərrüfatlarında arı ailələrinə baxış keçirilməsinin məqsəd və vəzifələri fərqli olur. Həvəskar arıçı üçün ailəyə baxış keçirilməsi maraqlı bir məşğuliyyətdir, vaxtının xoş keçirilməsi, hətta işdən sonra bir istirahətdir. O, ailələrə ürəyi istədiyi qədər baxış keçirərkən sərf olunan vaxt, həmçinin ailənin inkişaf və məhsuldarlığına baxışın necə təsir göstərəcəyini nəzərə almır
İri arıxana təsərrüfatı arıçısının qarşısında tamamilə fərqli məqsəd və vəzifələr durur. Ailəyə baxışın keçirilməsi onun əsas işidir və iş ilk növbədə yüksək gəlirli olmalı, həmçinin minimal əməyin sərf olunması ilə arı ailəsinin yaxşı inkişaf və yüksək məhsuldarlığını təmin etməyə istiqamətlənməlidir. Əgər həvəskar arıçı on dəqiqələrlə ana arının axtarışına vaxt sərf edər, neçə yumurta qoyduğu ilə maraqlanar, saatlarla çərçivələrdən mum və vərəmumu təmizləyər, həmçinin hər gün arılara oyadıcı yem verər və onu arıların necə seçdiyini müşahidə edərsə, arıxana təsərrüfatı arıçısı isə bu cür qeyri-səmərəli işə vaxtını sərf etməz. O, ana arını axtarmadan da onun yuvada olub-olmadığını müəyyən edə bilər, hətta həmin ailədə yaxşı artım və müxtəlif yaşlı sürfələrin olduğuna əmin olaraq ana arının keyfiyyətini müəyyənləşdirə bilər.
Arıçılıq təsərrüfatlarının təcrübəsi bir daha təsdiqləyir ki, ailəyə baxış keçirilməsinin maksimum səviyyədə azalması və həvəskar üsullardan imtina edilməsi arıçının işinin məhsuldarlığının artırılması və qulluq olunan arı ailələrinin sayının artırılmasına xidmət edən mühüm vasitələrdən biridir.
Arı ailələrinə baxış keçirilərkən arıların cinsi xüsusiyyətləri, mövsümün vaxtı, hava şəraiti və bal yığımının xüsusiyyəti nəzərə alınmalıdır.
4.1. Baxış keçirərkən müxtəlif cinsli arıların davranışının xüsusiyyətləri
Müxtəlif növ arı ailələrinin yuvalarına baxış keçirilməsinə hazırlıq işləri və baxışın keçirilməsi fərqli olur. Nəzərə almaq lazımdır ki, Orta Rusiya arıları yüksək qəzəbliliyi ilə seçilir. Bu səbəbdən də bu cinsə baxışın keçirilməsinə hazırlıq işləri mürəkkəb olur, onlara baxış keçirilməsi isə çox vaxt aparır.