Soyuq hava ağır olduğundan ərazidə toplanıb şaxtanın əmələ gəlməsinə səbəb olur. Belə şəraitdə qış dövründə cavan tinglər, calanmış göz, qələm, yazda isə yeni əmələ gəlmiş sütül zoğlar zədələnir, hava cərəyan edə bilmədiyindən vegetasiya dövründə bitkilərdə müxtəlif göbələk xəstəliklərinin baş verməsi və bunun da nəticəsində tinglərin keyfiyyətinin aşağı düşməsi baş verir. Odur ki, ərazi təbii halda küləklərdən mühafizəli olmaqla yanaşı havanın normal cərəyanı, bitkilərin havadan qidalana bilmələri və müxtəlif göbələk xəstəliklərinin baş verməməsi, şaxtanın zərərli təsirinin qarşısının alınması üçün ərazidə hava drenajı olmalıdır.
Ərazinin torpağı. Yüksək keyfiyyətli calaqaltı və ting yetişdirməsində əsas amil torpaqdır. Torpaq rütubəti özündə normal saxlayan, hava rejimi ilə su rejimi arasında düzgün əlaqə yaradan, kök sisteminin inkişafını təmin edən, yumşaq, qidalı maddələrlə zəngin, strukturlu, münbit, qaysaq bağlamayan, asan becərilən olmalıdır. Tingliyin təşkili üçün orta gilli, yüngül gilli, qumsal, çimli podzollu, meşə-bozqır, qara torpaq, şabalıdı, tünd şabalıdı, qonur torpaq, boz-meşə torpaqları olduqca əlverişlidir. Karbonatlı torpaq tumlu meyvə bitkilərinin və xüsusilə klon calaqaltıların yetişdirilməsi üçün əlverişsizdir. Tumlu meyvə bitkilərinin şum qatında 2-3 %-dək karbonat olan torpaqlarda becərilməsi tövsiyə edilir.
Torpaq, kök sisteminin normal inkişafı üçün şərait yaradan olmalıdır. Torpağın alt qatı yumşaq, hava ilə rütubət arasında normal əlaqə yaradan olmalıdır. Seçilmiş ərazinin torpağını, torpaq qruntunu yaxşılaşdırmaq məqsədilə tətbiq olunacaq meliorativ tədbirlərin səmərəliliyini yüksəltmək üçün torpaq əkindən qabaq təhlil edilməlidir. Bu məqsədlə toxumluq və qələmlik ana bağların yaradılmasına ayrılmış sahədə 2,5-3,5 m dərinliyində, calaqaltılar və ting yetişdiriləcək sahədə isə 1,5 m-dək dərinliyində bir neçə quyu qazılır və quyuların torpağını qatlara ayırıb hər qatda makro və mikroelementlərin miqdarı müəyyənləşdirilir. Makro və mikroelementlərin miqdarı ilə yanaşı torpaqda hidrogen ionlarının kəsafətliyini - pH müəyyən etmək əsas şərtdir.
Qrunt sularının səviyyəsi. Qrunt sularının səviyyəsi toxumluq ana bağ və qələmlik ana bağ salınan sahədə torpaq səthindən 2-2,5 m dərinlikdə, çoxaltma və formavermə şöbələri yaradılan sahədə isə 1,5-2 m dərinlikdə olmalıdır.
Ərazinin relyefi. Calaqaltı və ting yetişdirilən sahələrdə bir sıra mühüm, çox mürəkkəb, böyük zəhmət tələb edən əməliyyatlar ardıcıl tətbiq edilir. Tingin maya dəyərini aşağı salmaq, hektardan çoxlu və yüksək keyfiyyətli calaqaltı və ting istehsal etmək üçün tətbiq olunacaq aqrotexnoloji əməliyyatların mexanikləşdirilməsi tələb olunur. Seçilmiş ərazinin relyefi bu məqsədə müvafiq olmalıdır. Çökək, dərəli-təpəli ərazidə süni suvarmanın, torpağın becərilməsinin mexanikləşdirilməsi prosesinin tətbiqi mümkün olmadığından belə sahələr tingliyin yaradılması üçün yararsızdır. Tinglik üçün seçilən ərazinin relyefi düz, 2...5° mailliyində olmalıdır.
Fitoindikatorlar. Bitki göstəricisi deməkdir. Ərazidə təbii halda bitən bitki cinsləri və növləri həmin ərazinin keyfiyyətini göstərir. Ərazidə təbii halda palıd, göyrüş (vən, dəndə), qarağac, böyürtkən, alma, armud, heyva, göyəm və digər meyvə bitkilərinin bitməsi, habelə sıx çəmənliyin mövcudluğu onun tingliyin təşkili üçün çox yararlı olmasını göstərir.