Tinglərin fumiqasiyası və saxlanması şöbəsi. Fumiqasiya kamerası. Tinglərin xəstəlik və zərərvericilərdən azad edilməsi məqsədilə onları cins, sort və calaqaltı tiplərini qarışdırmadan xüsusi kamerada metil-brom və başqa preparatların tətbiqi ilə zərərsizləşdirirlər. Tinglikdən hər il realizə olunacaq tinglərin miqdarına uyğun olaraq fumiqasiya kameralarının miqdarı və həcmi müəyyənləşdirilir.
Ting saxlanılan bina və sahə. Yetişdirilmiş tinglərin açıq sahəyə əkilənədək və ya realizə olunanadək itkisiz saxlanması üçün xüsusi bina və ya anbar olur. Binanın və ya anbarın içərisində temperaturu, havanı, havanın nəmliyini nizamlayan qurğular inşa olunur.
Qeyd olunanlardan başqa tinglik təsərrüfatında stratifikasiya zirzəmiləri, soyuducu kameralar, qış calağı üçün bina, virusologiya laboratoriyası da nəzərdə tutulmalıdır.
3.2. Tinglik üçün ərazinin seçilməsi və onun təşkili
Tingin keyfiyyəti hər şeydən əvvəl onun yetişdirilməsi üçün seçilmiş ərazinin tumlu meyvə bitkilərinin bioloji tələbinə uyğunluq dərəcəsindən asılıdır. Seçilmiş ərazinin təbii şəraiti becəriləcək tumlu meyvə bitkilərinin kök sisteminin və onların yerüstü hissəsinin normal böyüməsinə və inkişafına əlverişli mühit yaratmalıdır. Tumlu meyvə bağının məhsuldarlığı, məhsulun keyfiyyəti bağın salınması üçün yetişdirilmiş tingin keyfiyyəti ilə üzvi surətdə əlaqədardır. Qeyd olunan hal tingliyin yaradılması üçün ərazinin düzgün seçilməsində olduqca diqqətli olmağı tələb edir. Ərazinin düzgün və məsuliyyətlə seçilməsi üçün əvvəlcədən komissiya yaradılır, onun tərkibinə torpaqşünaslıq və aqrokimya, meyvəçilik, iqtisadiyyat üzrə mütəxəssis və həmin rayonda çalışan yerli, təcrübəli bağban daxil edilir. Komissiya ərazini əvvəlcədən tərtib edilmiş plan əsasında diqqətlə nəzərdən keçirir, hər amili təsvir və təhlil edir, sonda isə ərazinin yararlılığı haqqında akt tərtib edilir. Aktı müvafiq idarə, birlik və ya nazirlik təsdiq etdikdən sonra tingliyin düzgün təşkili üçün layihə tərtib edilir, təsdiq olunmuş layihə əsasında ərazi bölüşdürülür. Ərazi səçərkən aşağıdakı şərtlərə riayət etmək lazımdır.
3.2.1. Sahənin seçilməsində təbii şərait
Tinglik üçün sahə seçilərkən ilk növbədə onun təbii şəraiti öyrənilməli və tumlu meyvə bitkilərinin tələbləri baxımından qiymətləndirilməlidir.
İqlim şəraiti. Hava şəraiti ildən asılı olaraq tez-tez dəyişir. Buna görə də qısa müddətli hava rejimi ilə ərazini qiymətləndirmək olmaz, hava şəraitinin çoxillik rejiminə iqlim deyilir. Odur ki, tingliyin təşkili üçün seçilən ərazinin düzgün qiymətləndirilməsi iqlim şəraitinə əsaslanmalıdır (Cədvəl 3.1).