Klon calaqaltılar şöbəsi. Bildiyimiz kimi alma və armud bitkilərinin tingləri əsasən klon calaqaltılara calaq vurmaqla yetişdirilir. Belə calaqaltılar xüsusi sahələrdə əkilərək basmalarla, çiliklərlə artırılır. Həmin sahəyə klon calaqaltılar sahəsi deyilir (Şəkil 3.3).
Tələb olunan miqdarda klon calaqaltılar yetişdirmək üçün tinglik təsərrüfatının nəzdində hər bölgə üçün qəbul olunmuş standart klon calaqaltılardan anaclıq sahələr yaradılır. Belə sahənin yaradılması üçün su mənbələrinə yaxın, çoxillik alaq otlarından təmiz, torpağı strukturlu, münbit, qrunt sularının səviyyəsi torpaq səthindən 1,5-2 m dərinlikdə yerləşən, hakim küləklərdən mühafizəli sahələr seçilir. Müxtəlif aqrotexnoloji tədbirlərin tətbiqi ilə sahə tam yararlı hala salınır. Calaqaltı tiplərinin qarışmasına yol vermək olmaz. Bu məqsədlə sahəni 0,5-1 hektarlıq şəbəkələrə (100x50 m və ya 100x100 m) bölürlər. Şəbəkələrdə texnoloji əməliyyatların rahat tətbiqi üçün şəbəkələrin uzununa 5-6 m enində, onların eninə isə 3-4 m enində yollar çəkilir. Hər şəbəkədə yalnız bir tip anaclıq calaqaltı əkilib becərilir. Əgər eyni vaxtda 2-3 calaqaltı tipinin becərilməsi zərurəti meydana çıxarsa, bu halda onların arasında 3 m enində yol buraxılır və hər calaqaltı tipi etiketlə nişanlanır.
Anaclıq sahəsində geniş kök sisteminə, normal böyümüş yerüstü hissəyə malik, virus, mikoplazma və başqa mənşəli xəstəlik və zərərvericilərdən təmiz, sağlam 1-2 illik, vegetativ üsulla çoxaldılmış, kök boğazının diametri 1,5-2 sm olan calaqaltıları aran rayonlarda payızda, nisbətən şaxtalı rayonlarda isə yazda əkirlər.
Calaqaltı tipinin bioloji xüsusiyyətindən asılı olaraq onları sahədə müxtəlif məsafələrdə yerləşdirirlər. Belə ki, almanın MM106, MM111, MM104, M3, M4 tip calaqaltıları güclü böyüyüb ətrafa yayıldığından onları 2-2,5x0,3-0,5 m məsafədə, zəif böyüyərək və zəif kollanan calaqaltıları isə 1,2-1,5x0,3-0,5 m məsafədə əkirlər. Anaclıq bitkilərin çoxlu əlavə köklər əmələ gətirmələri və rütubətlə yaxşı təmin olunmaları üçün onları torpaq səthindən 25-30 sm dərinliyində əkirlər. Anaclıq bitkiləri eyni sahədə 15-20 il becərərək onlardan hər il basma ilə külli miqdarda klon calaqaltılar yetişdirirlər. Əkilmiş anaclıq calaqaltı tiplərinin qarışmaması üçün onları vaxtaşırı yoxlayır, cərgədə səhvən əkilmiş yad tipi çıxarıb, onun yerinə tələb olunan tipdən yeni bitki əkilir, xəstə, quruyub məhv olmuş bitkilər həmin tipə mənsub sağlam bitkilərlə əvəz edilir. Aprobasiya vasitəsilə calaqaltıların növ və tip tərkibi dəqiqləşdirilir.
Klon calaqaltılar rütubətə çox tələbkardır. Sahəni vegetasiya dövründə hektara hər suvarmada 500-700 m3 su verərək rayonun təbii şəraitindən asılı olaraq 5-10 dəfə suvarırlar.
Calaqlıq və ya formavermə şöbəsi. Meyvə bağının salınması üçün tingliyin bu şöbəsindən birillik və ya ikiillik tinglər realizə olunur (Şəkil 3.4). Bu şöbənin üç tarlası - birinci tarla, ikinci tarla və üçüncü tarlası olur. Bu tarlaların təşkili və orada tətbiq olunan aqrotexnoloji qulluq haqqında “Tumlu meyvə bitkilərinin tinginin yetişdirilməsi texnologiyası” bölməsində geniş məlumat verilir.