Toxumluq ana bağ. Bu bağın yaradılmasında məqsəd tinglik təsərrüfatını tumlu meyvə bitkilərinin toxumları ilə təmin etməkdir. Buradan tədarük edilmiş toxumlar çoxaltma şöbəsində səpilərək onlardan uca boylu calaqaltılar - toxmacarlar yetişdirilir. Toxum tədarükünü asanlaşdırmaq üçün tumlu meyvə bitkiləri üzrə ağaclar cərgə ilə ayrıca əkilir. Toxumluq ana bağda əkiləcək ağaclar 1-2 illik olmaqla virus, mikoplazma və digər mənşəli xəstəliklərdən, zərərvericilərdən azad, sağlam olmalıdır. Bunun üçün hər növün toxumları ayrı-ayrı səpilir. Onlardan toxmacarlar yetişdirilir. Həmin toxmacarlardan keyfiyyətli olanları toxumluq ana bağda cərgə ilə əkilir.
Respublikamızın meyvəçilik bölgələri üçün tumlu meyvə bitkilərinin yabanı növləri və habelə bir sıra sortları calaqaltı olaraq istifadə edilir.
Tingliyin hər hektarını toxumla təmin etmək üçün toxumluq ana bağın sahəsi tumlu meyvə bitkiləri üçün 1-1,5 ha olmalıdır. Toxumluq ana bağda tumlu meyvə bitkilərinin əsasən orta vaxtda yetişən sort və formaları becərilir. Toxumluq ana bağ olmayan şəraitdə toxumu meşələrdə bitən yabanı bitkilərdən də tədarük edirlər. Bunun üçün meyvə yetişən dövrdə toxum tədarük etmək üçün meşələri gəzib, qiymətli ağaclar seçmək lazımdır.
Qələmlik ana bağ şöbəsi. Qələmlik ana bağın vəzifəsi calaqlıq şöbəsini calaqüstü materialla - qələmlə təmin etməkdən ibarətdir. Belə bağda hər bölgə üçün qəbul olunmuş standart meyvə bitki sortları becərirlər. Bağın salınması üçün nəzərdə tutulmuş sortların tingləri superelit, elit material olmaqla virus, mikoplazma və başqa xəstəliklərdən, zərərvericilərdən azad, sağlam, standart, sort tərkibi dəqiq müəyyənləşdirilmiş olmalıdır. Qələm tədarükünü asanlaşdırmaq, sort tərkibini qarışdırmamaq üçün bağda hər meyvə cins və sortundan olan ağacları ayrı-ayrı cərgələrdə əkmək lazımdır.
Qələmlik ana bağda 7-8 yaşlı ağacdan hər il 20-30 ədəd, 18-25 yaşlı ağacdan isə 100-150 ədəd çilik tədarük etmək olur. Hər çiliyin üzərində isə tam formalaşmış, göz calağı üçün yararlı 5-7 ədəd tumurcuq olur.
Toxumluq və qələmlik ana bağlarına qulluq işləri tumlu meyvə bağında olduğu kimi aparılır.