Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Meyvə bağının salınması üçün vegetativ üsulla artırılaraq yetişdirilmiş əkin materialına ting, tingin yetişdirildiyi sahəyə isə tinglik deyilir. Meyvə tingliyi meyvəçiliyin əsası olub, onun vəzifəsi meyvə bağı salmaq üçün çoxaldılması tövsiyə edilən meyvə-giləmeyvə bitki sortlarından yüksək keyfiyyətli, sağlam, standarta uyğun birillik və ikiillik ting yetişdirməkdən ibarətdir.
Meyvəçiliyin inkişafında meyvə tingliyinin həlledici rolunu nəzərə alaraq, onun sahəsinin genişləndirilməsi və hər bölgənin torpaq-iqlim şəraitinə uyğun meyvə tingliyi təsərrüfatlarının yaradılması vacibdir. Bu baxımdan hər bölgənin və hətta rayonun öz təbii-tarixi şəraitinə məxsus meyvə bitki cinsləri və sortları olduğundan, həmin şəraitdə də meyvə tingliyi təsərrüfatı yaratmaq lazımdır.
Beləliklə bu elementin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz:
- Tingliyin strukturu - tingliyin tipləri, müxtəlif şöbələri və onların yaradılması prinsipləri, müvafiq şöbələrdə tətbiq olunan aqrotexnoloji qulluq haqqında məlumatlar əldə edəcəksiniz;
- Tinglik üçün ərazinin seçilməsi və onun təşkili ilə bağlı məsələləri əhatəli şəkildə öyrənəcəksiniz;
- Sahənin seçilməsində təbii şərait - iqlim (yerli meteoroloji stansiyalardan rütubət, temperatur, işıq, hava və külək amilləri ilə bağlı götürülmüş çoxillik məlumatların tumlu meyvə bitkilərinin tələbləri baxımından qiymətləndirilməsi), torpaq (torpaq analizlərinin nəticələrinin təhlili, torpağın tipi və onun keyfiyyət göstəriciləri, qida maddələrinin miqdarı, qranulometrik tərkibi, torpaq sıxlığı, qrunt sularının səviyyəsi, pH dərəcəsi və d. göstəricilərə tumlu meyvə bitkilərinin tələbi), relyef (relyefin tumlu meyvə bitkilərinin tələbəri baxımından qiymətləndirilməsi), fitoindikatorlar (seçilmiş ərazinin təbii bitki örtüyünə əsasən bölgənin tumlu meyvə bitkiləri üçün əlverişli olmasının müəyyən edilməsi) əsasında seçilmiş ərazinin tumlu meyvə bitkilərinin tələbləri baxımından qiymətləndirməyi biləcəksiniz;
- Sahənin seçilməsində təsərrüfat-təşkilati şərait - əraziyə yaxın yaşayış yerlərinin, nəqliyyat yollarının mövcudluğu, su mənbələri, bölgəyə uyğun cins və sortların seçilməsi və s. məsələləri müəyyən edəcəksiniz;
- Sahənin hazırlanması və təşkili - ərazinin düzləndirilməsi, mailliyin nizamlanması, torpağın şumlanması, əkin üçün hazırlanması, yumşaldılması, müxtəlif mexanizmlərin (torpaq frezeri, rotasiyalı mala, kultivator və s.) tətbiqi, tarla, sərnə və şəbəkələrin təşkili, küləkdən mühafizə tədbirləri, ana yol, ətraf yollar, şöbəarası, tarlaarası, sərnəarası, şəbəkəarası yolların salınması ilə bağlı təcrübəyə malik olacaqsınız;
- Tinglikdə əkin dövriyyəsinin tərtibi - calaqlıq, çoxaltma, qələmlik və toxumluq ana bağ şöbələrində növbəli əkin dövriyyəsinin tərtibi, növbəli əkində seçilən bitkilərə qoyulan tələblər haqqında biliklər əldə edəcəksiniz;