Qələm calağı vurmaq üçün calaqüstüdə üç tipdə kəsim aparılır: çəp kəsim; çiyinli kəsim və pazşəkilli kəsim.
Çəp kəsimin uzunluğu çiliyin diametrinin 3-5 mislinə bərabər olmalıdır ki, calaqaltı ilə yapışma səthi çox olsun. Bu halda calaq daha möhkəm tutur. Belə tip kəsim ülgüc kimi iti olan calaq bıçağı ilə bir dəfəyə alınmalıdır (Şəkil 2.33).
Çiyinli kəsimin alınması üçün əvvəlcə çəp kəsim alınır. Sonra kəsimin üst ona perpendikulyar kəsim aparılaraq çiyin çıxarılır (Şəkil 2.34).
Pazşəkilli kəsim isə çiliyin aşağı hissəsinin hər iki tərəfindən çəp kəsim aparmaqla əldə edilir (Şəkil 2.35).
Qeyd edək ki, tumlu meyvə bitkilərin üzrə ting istehsalında yalnız sadə və yaxşılaşdırılmış qələm calağından istifadə edilir.
Sadə qələm calağı. Calaqaltı torpaq səthindən 15-20 sm hündürlükdə çəpinə kəsilir. Calaqüstüdə də çəp kəsim alınır. Sonra kambi qatları üst-üstə düşməklə kəsim yerləri birləşdirilir və sarınır (Şəkil 2.36). Əgər sarğı materialı kimi nəm çəkən materialdan istifadə edilibsə onun üzərindən bağ məlhəmi sürtülür.