Calanmış tumurcuq 15-20 gün ərzində tutaraq oyanır, normal becərmə şəraitində vegetasiya dövrünün axırınadək bağ salmaq üçün yararlı birillik ting əmələ gətirir. Çatışmayan cəhəti calağın vurulması üçün vaxtın nisbətən qısa (20-25 gün) olması, zoğların payızda tədarük edilərək yazda calaq vurulana qədər rütubətli qumda, torfda saxlanması üçün izafi xərcin tələb olunmasıdır. Tinglik təsərrüfatlarında yatmış göz calağı daha geniş tətbiq edilir.
Calaqaltıda ikinci dəfə şirə axımı dövründə - iyul ayından başlayaraq sentyabr ayının axırlarınadək vurulan göz calağına yay-payız göz calağı deyilir. Calanmış göz tutduqdan sonra gələn ilin yazınadək yatmış vəziyyətdə qaldığından ona yatmış və ya cücərməyən göz calağı deyilir. Onun geniş tətbiqinə səbəb calağın vurulması üçün vaxtın uzun - 60-90 gün olması, zoğların calaq vurulan gün və ya bir neçə gün əvvəl tədarük edilərək saxlanılmadan dərhal istifadəsi, bu işə izafi xərcin tələb olunmaması, komponentlərin bitişməsi üçün vaxtın uzunluğu, onların möhkəm bitiş verməsidir. Çatışmayan cəhəti bəzən qışı çox şaxtalı olan illərdə gözün məhv olmasıdır.
Göz calağını bir qayda olaraq birillik, karandaş yoğunluğunda - gövdəsinin yoğunluğu 0,7-1 sm olan calaqaltılara vururlar. Calağa başlamazdan 10-15 gün əvvəl calaqaltılar becərilən sahəni alaq otlarından təmizləyərək torpağı yumşaldır, calaq vurulmağa yararlı calaqaltıların miqdarı müəyyənləşdirilir. Hər calaqaltıda torpaq səthinə yaxın olan zoğlar iti bıçaqla dibindən kəsilir, calaqaltının ştambı torpaq səthindən 20-25 sm hündürlüyündə təmizlənir. Göz calağı vurulan dövrdə calaqaltının qabığı oduncaqdan asanlıqla ayrılmalıdır. Qabığın oduncaqdan ayrılmasını calaq vurmağa başlamazdan çox əvvəl təyin etmək lazımdır. Bunun üçün sahənin müxtəlif yerlərindən bir neçə calaqaltıda gövdə qabığını torpaq səthinə yaxın yerdə iti bıçaqla çərtirlər. Qabığın oduncaqdan asanlıqla ayrılması göz calağına başlamağı vaxtını göstərir. Bəzən yoxlama zamanı qabığın oduncaqdan çətin və ya tamamilə ayrılmaması müşahidə olunur. Bu halda calağa başlamazdan bir neçə gün əvvəl calaqaltılar becərilən sahə bol suvarılır. Sahəyə verilmiş su qabığın oduncaqdan ayrılmasını sürətləndirir.
Calağın vurulma hündürlüyü calaqaltının tipindən asılıdır. Əgər calaqaltı toxmacardırsa onda calaq kök boğazına yaxın yerdən vurulmalıdır. Çünki toxumdan əmələ gəlmiş toxmacar üzərində olan tinglərdən bağ salarkən əkininin dərinliyi kök boğazı ilə bir səviyyədə aparılır. Kök boğazından calaq vurulan yerə qədər olan məsafə çox olduqda isə calaq yerdən aşağıda çox zoğlar əmələ gəlir. Belə zoğları cır olduğundan daim təmizləmək lazımdır ki, bitkidə əlavə qida itkisi olmasın. Bu isə əlavə xərc deməkdir.
Klon calaqaltılarda isə kök sistemi saçaqlı olub torpaq səthinə yaxında yerləşir və kök boğazı şərti olaraq torpaq səthi ilə sərhəd olan hissəyə deyilir. Bu zaman bitkinin ağırlığından, küləyin təsirindən və bağı suvardıqdan sonra torpaq yumşaldığından ağac asanlıqla yıxıla bilər. Ona görə də calaq torpaq səthindən 20-25 sm hündürlükdə vurulur. Meyvə bağında ting göz calağı vurulmuş yerədək basdırılır. Calaqaltının çalada yerləşən 20-25 sm uzunluğunda olan hissəsində çoxlu əlavə (adventiv) köklər əmələ gəlir. Belə ağac məhsulun ağırlığına və küləyin təsirinə davamlı olur.
Qızmar Günəşin təsirindən göz və cavan zoğun yanmasının, həmçinin tinglikdə aparılan qrotexnoloji qulluq zamanı maşın və mexanizmin təsirindən zoğun qırılması, zədələnməsinin qarşısını almaq məqsədilə şimal cəhətə baxan tərəfdən açılır.