Ehtimal olunur ki, bağçılıqda tətbiq olunan calaq növlərinin mənşəyi ablaktirovka calağı olmuşdur (Şəkil 2.29). Təbiətdə yabanı halda yaxın bitən ağacların zoğları, budaqları bir-birinə sürtülərək təbii calaq əmələ gətirir. Təbii calaq çətrin daxilində budaqların bir-birinə sürtülərək bitişmələri nəticəsində də əmələ gəlir. Bu hadisəni təbiətdə müşahidə etmiş qədim dünya bağbanları müxtəlif calaq növlərini süni olaraq yaratmışlar. Ablaktirovka calağının meyvəçilikdə praktiki əhəmiyyəti olmadığından o, istehsalatda tətbiq olunmur.
Lakin bu calaq növü, bəzək bağçılığında müxtəlif məqsədlərlə istifadə edilir.
2.2.8.1. Göz calağı
Göz calağı meyvə bitkilərinin çoxaldılmasında qədim vaxtlardan tətbiq olunan cərrahiyyə əməliyyatıdır. Bağçılıqda göz calağının müxtəlif növləri mövcuddur. Tumlu meyvə bitkilərinin çoxaldılmasında göz calağının aşağıdakı növləri geniş tətbiq olunur.
Göz calağı iki vaxtda vurula bilər.
Calaqaltıda birinci dəfə şirə axımı dövründə - aprel-may ayında vurulmuş calağa yaz göz calağı, cücərən göz calağı və ya oyanmış göz calağı deyilir.