Calaqüstü materialın tədarük vaxtı, calağın vurulması vaxtından asılıdır. Bir qayda olaraq yazda açıq sahədə və qışda örtülü sahədə calaq vurmaq üçün calaqüstünü payızda yarpaqlar töküləndən sonra şaxtalar başlayanadək tədarük edirlər. Yay göz calağı vurmaq üçün calaqüstünü cari ildə əmələ gəlmiş zoğlardan səhər tezdən və axşamüstü sərin vaxtda tədarük edirlər. Çiliyin tədarük vaxtından asılı olmayaraq ağacdan zoğu kəsərkən, aşağıdan yuxarıya 5-6 sm uzunluğunda kötük saxlayıb, bu hissədən yuxarı hissəsini iti qayçı ilə kəsirlər. Yay-payızda tədarük edilmiş zoğun qurumaması üçün dərhal zoğ üzərində olan bütün yarpaqların ayası kəsilib atılır, zoğ üzərində yarpaq saplağı saxlanır. Sipərciyi calaqaltının ştambında açılmış «T»-şəkilli yarığa geydirmək üçün yarpaq saplağından qulp kimi tutulur, digər tərəfdən isə saplağın vasitəsilə calanmış gözün tutub-tutmadığı müəyyənləşdirilir. Saplaq asanlıqla qoparsa göz tutmuş, qopmazsa göz tutmamış olur.
Payızda tədarük edilmiş zoğları sort tərkibini qarışdırmadan 50-100 ədəd dəstə bağ-layaraq, hər dəstəyə etiket vurulur, etiketin üzərində qara karandaşla sortun adı, zoğların tədarük vaxtı və miqdarı qeyd edilir. Çilik dəstələrini yazadək rütubətli, təmiz qum, ağac kəpəyi və ya mamır içərisində zirzəmilərdə, soyuducu kameralarda 0…+3 °C temperaturda saxlayırlar. Tədarük edilmiş zoğlar rütubətin artıqlığından kiflənə, azlığından isə quruyub məhv ola bilər. Odur ki, vaxtaşırı zoğları yoxlayır, lazım gəldikdə havalandırır və ya su ilə isladırlar. Zoğlar saxlanılan qumda, ağac kəpəyində rütubət 60 %-dən yuxarı olmamalıdır.
Yay-payız mövsümlərində tədarük edilmiş zoğların yarpaq ayası kəsilib atıldıqdan sonra üzərində yarpaq saplağı olan zoğları 50-100 ədəd birlikdə dəstə bağlayır, hər dəstəyə qeyd olunan qayda üzrə etiket bağlanır, zoğların qurumaması üçün dəstələrin aşağı tərəfini dibində azca su olan vedrələrin içərisinə qoyub, 3-4 gün müddətində saxlayır, suyu hər gün dəyişir, zoğlardan tədricən sipərcik kəsib göz calağı vururlar. Zoğları bir-iki həftə saxlamaq lazım gəldikdə onlar rütubətli mamıra bükülərək xüsusi kameralarda, yaxud da sərin zirzəmilərdə saxlanılır və onların vəziyyəti tez-tez yoxlanılır.
Tədarük edilmiş calaqüstü materialı karantin müfəttişliyinin rəsmi icazəsilə bir yerdən başqa yerə göndərmək olar.
Göndəriləcək zoğun, çiliyin qurumaması üçün onların aşağısında və ucunda olan kəsiklərin üzərini parafin və ya mumla örtürlər. Bunun üçün parafin və ya mumu qaba töküb azca isidərək əridir, hər çilik və ya zoğ dəstəsinin əvvəlcə aşağı tərəfini, sonra isə yuxarı tərəfini parafin və ya mum olan qaba batırıb dərhal çıxarır, çilik və zoğların qurumaması üçün hər dəstəni əvvəlcə rütubətli mamıra, sonra isə sintetik pərdəyə bükürlər. Sortların qarışmaması üçün hər dəstəyə iki etiket vurulur. Onlardan biri dəstənin üzərində, ikincisi isə dəstə sintetik pərdəyə büküldükdən sonra üstdən bağlanılır. Calaqüstü material az olduqda onu rütubətli mamıra və sintetik pərdəyə büküb qutulara yəğaraq etiketləyirlər. Hava cərəyanı üçün qutuda bir neçə deşik açılır və onu tələb olunan yerə göndərilir.
2.2.7. Calaq alət və avadanlıqları
Sarğı materialı. Sarğı materialı elastik, yumşaq, rütubətin təsirindən didilməyən, quraqlığın təsirindən yığılmayan, bürüşməyən olmaqla bitkini kəsməməlidir. Onu cökə ağacının gövdə lifındən, yun sapından, pambıq ipliyindən, parça tikəsindən, çəkil qabığından, söyüd qabığından, cildən, kənafdan və s. hazırlayırlar.