Çiliyi payızda və yazda əkirlər. Şəraitdən asılı olaraq çiliyi əvvəlcədən gübrələnmiş, dərin şumlanmış, səthi düzəldilmiş, torpağı yumşaq olan açıq sahələrdə və ya soyuq parniklərdə əkirlər. Açıq sahədə əkdikdə məsafə 40-50x8-10 sm, parnikdə isə 10-15x5-6 sm verib, cərgə uzununa 10-15 sm dərinliyində şırım açır, çilik üfqi vəziyyətdə şırıma qoyularaq torpaqla tam örtülür. Əkilmiş çiliklərin kök və yerüstü hissə əmələ gətirməsi üçün sahə vaxtlı-vaxtında suvarılır, ona gübrə verilir, torpaq yumşaldılır, zərərvericilər, xəstəliklərə qarşı mübarizə aparılır. Müntəzəm qulluq nəticəsində çilik əkildikdən 20-25 gün sonra kök əmələ gətirir. Bitkinin bioloji xüsusiyyətindən asılı olaraq kök çiliyi əkildikdən sonra çilikdə əvvəl kök və ya zoğ, yaxud da həm kök, həm də zoğ eyni vaxtda əmələ gəlir. Kök və yerüstü hissə əmələ gətirmiş bütün çilikləri payızda çıxarıb calaqaltı məqsədilə istifadə edirlər.
2.2.6. Tumlu meyvə bitkilərinin calaqüstüləri
Meyvə bağının taleyi tingin keyfiyyətindən, tingin keyfiyyəti isə calaqaltı ilə yanaşı calaqüstünün də keyfiyyətindən asılıdır. Calaqüstünü meyvə tingliyinin nəzdində olan qələm-lik ana bağlarda becərilən, sağlam, sort tərkibi dəqiqləşdirilmiş ağaclardan tədarük etmək lazımdır.
Çətir daxilində yerləşmə xüsusiyyətinə görə zoğlar müxtəlif keyfiyyətli olur. Çətirin işıqlı, gün düşən cənub istiqamətində, habelə onun ətrafında yerləşən zoğlar tam formalaşmış olub onların üzərindəki göz və tumurcuq yüksək keyfiyyətli olur. Çətirin kölgəli yerində yerləşmiş, dikinə böyüyən haramı zoğlar, habelə eybəcər, tam böyüməmiş və anormal zoğlarda toxumalar tam yetişmədiyindən onlardan calaqüstü tədarük etmək olmaz. Calaqüstü məqsədilə tədarük ediləcək zoğun uzunluğu tumlu meyvə bitkilərində 30-35 sm-dən çox olmalıdır. Yoğunluğu aşağı tərəfdə 5-6 mm-dən, yuxarı tərəfdə isə 3-3,5 mm-dən az olmamalıdır. Belə zoğlar adətən cavan ağacın çətiri daxilində çox olur. Yaşlı, məhsul verən ağaclarda zoğlar qısa olur. Uzun boya malik zoğların əmələ gəlməsi üçün yaşlı ağacları hər il budamaq lazım gəlir. Formalaşmış tumurcuqların tipi və onların zoğ üzərində yerləşməsi bitkinin cins xüsusiyyəti ilə üzvi surətdə bağlıdır.
Calaqüstü qoyulan tələblərə uyğun olmalıdır (Cədvəl 2.5)
№ | Göstəricilər | Zoğun, çiliyin tədarük olunma məqsədi və onların ölçüləri | ||
Göz calağı üçün | Qələm calağı üçün | Çiliklə çoxaltma | ||
1 | Xarici görünüşü |
Zoğ, çilik məqsəddən asıl
olmayaraq düz, zədəsiz, sağlam və tumurcuqlar nisbi sükunət dövründə olmalıdır |
||
2 | Sort təmizliyi, % | 100 | 100 | 100 |
3 | Hazırlanmış zoğun uzunluğu, sm | 30 | 40 | 18-20 |
4 | Formalaşmış vegetativ tumurcuqların miqdarı, ədəd | 4 | 6 | 4 |
5 | Böyürdə zoğlar | Olmamalıdır | ||
6 | Odunlaşma |
Sipərcik götürülən yerdə |
Zoğun, çiliyin bütün uzunluğu | |
7 | Oduncağın qabığının, özəyinin şaxtadan, çürümədən zədələnməsi | Olmamalıdır |
Cədvəl 2.5. Tədarük olunacaq calaqüstünə qoyulan tələblər