Ümumiyyətlə təsərrüfatlarda alma bitkisinin klon calaqaltıları əsasən basma üsulu ilə çoxaldılır. Eyni zamanda klon calaqaltıları odunlaşmış və yaşıl çiliklə də çoxaldırlar.
Tədarük olunmuş çiliklər bir qədər çətin kök əmələ gətirdiyindən onları parnikdə, istixanada və ya süni yolla yaradılmış dumanlı mühit şəraitində əkirlər. Həmçinin bəzi hallarda kök çiliyi ilə çoxaltmadan da istifadə edilir. Odunlaşmış çiliklə çoxaldılması faydasız olan klon calaqaltıların kök çiliyi ilə çoxaldılması çox səmərəli olur. Məsələn, almanın M9 törə boylu calaqaltısı odunlaşmış gövdə çiliyi ilə çoxaldıldıqda çiliyin kök əmələ gətirməsi 3-5 %, kök çiliyi ilə çoxaldıldıqda isə çiliyin kök əmələ gətirməsi 70 % təşkil edir. Buna görə də klon calaqaltılarının bir çox tipini kök çiliyi ilə çoxaldırlar. Kök çiliyinin tədarükü üçün payızda bitki nisbi sükunət dövründə olduqda onun ətrafını qazıb, iti sekatorla birillik köklərdən 12-15 sm uzunluğunda, 0,6-1,0 sm yoğunluğunda çilik kəsib götürürlər (Şəkil 2.25). Klon calaqaltılara calanmış alma ağaclarını tinglikdən qazıb çıxartdıqda köklərin bir qismi qırılıb torpaqda qalır. Çıxarılmış ağacda kökləri normal vəziyyətə salmaq üçün lazımsız hissələrini kəsib atırlar. Klon calaqaltıların belə kök çilikləri ilə çoxaldılması daha yüksək səmərə verir. Tədarük edilmiş çilikləri 50-100 ədəd birlikdə olmaqla dəstə bağlayırlar. Hər belə dəstəyə üzərində növün adı yazılmış etiket bağlanır. Çilikləri əkilənədək rütubətli, təmiz çay qumunun və ya torfun içərisində +3…+4 °C temperatur şəraitində zirzəmilərdə saxlayırlar. Vaxtaşırı çiliklərin vəziyyəti yoxlanır, havalandırılır və suvarılır. Qumun və yaxud torfun qurumasına imkan vermək olmaz.
1 - Kəsilməsi nəzərdə tutulan hissə;
2 - Kök çiliyinin kəsilməsi;
3 - 10...15 sm dərinliyində şırımlara əkilmiş kök çilikləri;
4 - Kök çiliyindən əmələ gəlmiş bitki.