2.2.5. Klon calaqaltıların yetişdirilməsi
Klon calaqaltılar basma və çiliklə artırılır.
Basmalarla çoxaltma. Klon calaqaltıları əsasən şaquli və üfqi basma üsulları ilə, bəzən isə qövsi basma ilə də artırılır.
Şaquli basma. Bu məqsədlə calaqaltı erkən yazda tumurcuqlar açılmamışdan əvvəl torpaq səthindən 5-10 sm hündürlükdə düzünə kəsilir. Əmələ gəlmiş zoğlar 15 sm uzunluqda olduqda onların dibi torpaqla doldurulur. Onların uzunluğu 25-30 sm-ə çatana qədər dibləri 2-3 dəfə doldurulur. İlkin dibdoldurdmadan təxminən 32-40 gün sonra kök əmələ gəlməyə başlayır. Payıza qədər həmin zoğlar artıq tam köklənmiş olur. Sonra onlar çıxarılaraq calaq vurulacaq sahədə əkilir (Şəkil 2.22).