Toxumların saxlanılması. Qurudulmuş, təsərrüfat yararlılığı müəyyən edilmiş toxumları qısa və ya uzun müddət normal şəraitdə quru halda saxlayırlar. Meyvə toxumu hiqroskopik olduğundan asanlıqla rütubəti özünə çəkir və keyfiyyətini itirir. Odur ki, toxumu duz, benzin, neft, gübrə, kimyəvi zəhərli preparatlar olan otaqda, yaxud da döşəməsi torpaq, sement, qır olan otaqda saxlamaq olmaz. Toxumu quru, hava cərəyan edən, rütubəti içəriyə keçirməyən, döşəməsi taxta, havanın nisbi nəmliyi 50-70 % olmaqla, adi otaq temperaturu şəraitində saxlayırlar. Xəstəlik və zərərvericilərin qarşısını almaq üçün toxum saxlanacaq otaq qabaqcadan mutləq dezinfeksiya edilməlidir. Havanın cərəyanı üçün otaqda ventilyator olmalıdır. Tumlu meyvə bitkilərinin toxumlarını 16-32 kq olmaq şərtilə qablara töküb saxlayırlar. Cinsin, növün və sortun qarışdırılmaması üçün etiketin üzərində onun adı, toxumun tədarük vaxtı, tədarük olunduğu yer, təsərrüfat yararlılığı qeyd edilir. Etiketin birini qabın içərisinə qoyur, digərini isə qabın üzərinə yapışdırırlar.
Toxumların saxlanması üçün müxtəlif materiallardan hazırlanmış saxlayıcılardan istifadə edilir. Qalınlığı 100 və 200 mkm olan sintetik pərdədən hazırlanmış, tutumu 3 kq toxum olan polietilen torbada nəmliyi 8-9 % olan quru alma toxumu 2-3 il müddətində həyat qabiliyyətini itirmir. Toxumu taxta qutuda, çəlləkdə, şüşə balonda da saxlayırlar. Toxum saxlanacaq qablar əvvəlcədən dezinfeksiya edilməlidir. Saxlanan toxum, nəmlik yüksələrsə və kiflənmə baş verərsə qabdan boşaldılır, qurutmaq üçün havalandırılır və təkrar qablara doldurulur. Toxumu
gəmiricilərdən qorumaq üçün torbaları tavandan asırlar. Şüşə balonlarda saxlanan toxumun nəmliyinin yüksəlməməsi üçün balonun ağzını kip örtmək, nəmliyin balonun içərisinə daxil olmasına yol verməmək üçün isə balonun ağzına kalsium xlorid (Şəkil 2.17) doldurulmuş boru keçirmək lazımdır.
Boruya daxil olan nəmli havanı kalsium xlorid özünə çəkir.
Müəyyən olunmuşdur ki, toxumda nəmliyin 10-11 % olması və toxum saxlanılan otaqda temperaturun +10 °C-dən aşağı olduğu şəraitdə toxumun 2-3 il ərzində həyat qabiliyyətini saxlayır.
Toxumun səpinə hazırlanması texnologiyası. Meyvə hələ ağacda ikən onun içərisində əmələ gəlmiş toxum rütubət, temperatur və oksigen ilə təmin olunaraq formalaşmağa başlayır. Yetişmiş meyvə ağacdan dərilir, müəyyən məqsəd üçün istifadə edilir, onun içərisindəki toxum isə səpin üçün tədarük edilir. Tədarük edilmiş toxumlar başladıqları böyümə və inkişafı meyvə ağacdan dərildiyi üçün başa çatdıra bilmir. Ona görə də toxumların tam formalaşaraq həyat qabiliyyətinə malik olmaları üçün onlar meyvənin içərisində olan şəraitin yaradılmasını tələb edir.
Təbii şəraitdə isə ağacdan tökülmüş meyvənin lət hissəsi çürüyür, toxum isə torpaqda qalır. Torpaqda olan rütubət, hava və aşağı müsbət temperatur toxum üçün meyvənin içərisində olan şəraitə uyğun ikinci şərait yaradır. Beləliklə toxum yığımdan sonra yetişmə dövrünü təbii halda torpaqda keçirir.