Tədarük edilmiş toxumların bu üsulla həyat qabiliyyətini müəyyən etmək üçün onların hər birindən 2-3 dəfə, hər dəfədə 100-200 ədəd toxum nümunəsi götürülür. Tumlu meyvə bitkilərinin toxumlarının qabığının asan soyulması üçün onları içərisində təmiz su olan qaba töküb bir sutka saxlayırlar. Bu zaman toxum şişir və qabıq ləpədən asan ayrılır. Sağlam həyat qabiliyyətinə malik olan, lakin zədələnmış toxum boyanı asanlıqla özünə çəkir. Ona görə də qabığı ləpədən çox ehtiyatla ayırmaq lazımdır. Qabığı soyulmuş ləpələri ayrı-ayrı qablara töküb onların üzərinə indiqokarmin boyasından hazırlanmış məhlul tökürlər.
Məhlulun qatılığı boyanın keyfiyyətindən asılıdır. İndiqokarmin yüksək keyfiyyətli olduqda onun bir qramını min qram distillə olunmuş suda, keyfiyyəti aşağı olduqda isə onun bir qramını beş yüz qram distillə olunmuş suda əridirlər. Toxum bu məhlulda üç saat saxlanır, sonra qabdakı məhlul boşaldılır, toxumlar bir neçə dəfə təmiz su ilə yuyulur. Bundan sonra toxumların boyanma dərəcələri yoxlanılır. Tam, yaxud yarı hissəsi və ilkin kökcüyü göy rəngə boyanmış toxumlar həyat qabiliyyətini itirmiş hesab edilir. Əsla boyanmamış toxum, habelə ləpəsində cüzi mavi boya ləkəsi olan, rüşeymi isə boyanmamış toxumlar həyat qabiliyyətinə malik olur. Beləliklə bu üsulla toxumların həyat qabiliyyətini təyin etmək üçün iki gün vaxt tələb olunur.
Sınaqdan keçirilən toxumlardan həyat qabiliyyətini itirmiş və həyat qabiliyyətinə malik olanların sayını bildikdən sonra, cücərmə qabiliyyətinə malik toxumların faizlə miqdarı hesablanır.
Biokimyəvi üsulla toxumların həyat qabiliyyətini təyin etmək üçün başqa maddələrdən də istifadə edilir. Belə ki, dinitrobenzol (Şəkil 2.14) məhluluna salınmış toxumun canlı hüceyrələri, tənəffüs prosesində qabığın seçicilik və ötürücülük qabiliyyətinə malik olması nəticəsində dinitrobenzolu sorur. Bu cür toxumlara sonra ammiakla (Şəkil 2.15) təsir etdikdə toxumda qırmızı rəng əmələ gəlir. Bu rəng toxumun həyat qabiliyyətinə malik olduğunu göstərir. Bu üsulun tətbiqi üçün otaq şəraitində 6-6,5 saat vaxt, +40…+45 °C temperatur şəraitində isə 2-2,5 saat vaxt tələb olunur.
Son vaxtlar trifenil-tetrazolium-xlorid (Şəkil 2.16) boyasından da istifadə edirlər. Bu boyadan hazırlanmış məhlul 0,5 % kəsafətlikdə olduqda yaxşı nəticə verir. Toxum bu məhlulda 18-20 saat saxlanır. Digər üsullardan fərqli olaraq, burada həyat qabiliyyətini itirmiş toxumlar boyanmır, həyat qabiliyyətinə malik canlı toxumlar isə qırmızı rəngə boyanır.