Təcrübi cücərtmə. Bunun üçün hər bitki növ, forma və ya sortundan üç dəfə, hər dəfədə 100 ədəd stratifikasiya olunmuş toxum götürülür, 2-3 gün qabda təmiz su içərisində isladılır. Toxumlar içərisinə isladılmış steril pambıq və ya tənzif döşənmiş qabın içərisinə qoyularaq, üzəri şüşə ilə örtülür. Sonra qablar temperaturu +23…+25 °C, nəmliyi 100 % olan termostata qoyulur. Pambıq və ya tənzifin qurumasına imkan vermək olmaz. Buna görə də onları hər gün bir-iki dəfə təmiz su ilə islatmaq lazımdır. Bir neçə gün keçdikdən sonra sağlam ləpə şişməyə başlayır, açılır, cücərir, hətta ilkin kökcük əmələ gəlir (Şəkil 2.12). Ləpədə kif müşahidə olunduqda onu kalium permanqanatın zəif məhlulu ilə yuyurlar.
Toxumun cücərmə enerjisinin faizi, onlar pambıq və ya tənzifin üzərinə qoyulduqdan beş gün sonra armud, heyva, yeddi gün keçdikdən sonra isə alma bitkisi üzrə təyin olunmağa başlanır. Bu müddət ərzində müntəzəm müşahidələr aparılır və toxumun həyat qabiliyyəti alma toxumları üçün on bir gün sonra, armud, heyva, bitkiləri üçün isə doqquz gün sonra faizlə hesablanaraq yekunlaşdırlır. Bu üsulun üstünlüyü toxumun həyat qabiliyyətinin qısa müddətdə - 16...18 gün ərzində müəyyən edilməsi, toxumun stratifikasiya olunmasına ehtiyac olmaması və eyni zamanda toxumun cücərmə enerjisinin də müəyyən edilməsidir. Bu üsulun stratifikasiya olunmuş toxumlarda tətbiqi isə onların həyat qabiliyyətinin daha qısa vaxtda müəyyən edilməsini təmin edir.
Biokimyəvi (boyanma) üsul. Bu üsul toxumun canlı və cansız hüceyrələrinin anilin boyalarına münasibətlərinə əsaslanır. Bu zaman indiqokarmin (Şəkil 2.13) boyasından hazırlanmış məhlulda toxumun cansız hüceyrə plazması boyanır, canlı hüceyrə plazması isə boyanmamış qalır.