Aparılan tədqiqatlar nəticəsində toxumların qurudulması üçün tumlu meyvə bitkilərində +30…+35 °C temperatur tələb olunduğu müəyyən edilmişdir. Toxum tam quruduqdan sonra onun daxilində nəmlik 10-12 %-dən artıq olmamalıdır.
Toxumların keyfiyyət göstəriciləri. Meyvə bitkilərinin toxumlarının aşağıdakı keyfiyyət göstəriciləri var:
Toxumun təmizlik dərəcəsi. Toxum partiyasından götürülmüş nümunədə təmiz, yad qarışıqlardan azad toxumların faizlə miqdarı toxumun təmizlik dərəcəsidir. Təmizlik faizini müəyyənləşdirmək üçün götürülmüş nümunə çəkilir və taxta üzərinə tökülərək qarışıqdan təmizlənir. Təmiz toxumlar çəkilərək cəmi nümunədən faizlə ifadə olunur. Səpin üçün seçilmiş toxumlar tam təmiz olmalıdır. Alma, armud və heyva toxumlarında 5 %-dək qarışıq olmasına yol verilə bilər.
Toxumun həyat qabiliyyəti. Toxum yüksək həyat qabiliyyətinə malik olmalıdır. Hektara səpiləcək toxumun səpin norması həyat qabiliyyəti əsasında hesablanır. Odur ki, tədarük edilmiş toxumun həyat qabiliyyətini əvvəlcədən bilmək lazımdır. Toxumun həyat qabiliyyəti aşağıdakı üsullarla təyin edilə bilər: 1. Vizual; 2. Mexaniki; 3. Fiziki; 4. Orqanoleptik; 5. Təcrübi cücərtmə; 6. Biokimyəvi.
Vizual üsul. Bu üsul toxumun xarici görünüşünə əsaslanır. Qırıq, eybəcər, qabığı qırışıq, kif iyi verən, ləpəsi tutqun rəngli, dadı acı, rüşeymi qonur rəngli, elastikliyini itirmiş, ləpəsi şüşə kimi parlaq və bərkimiş, üzəri çat-çat olan toxum həyat qabiliyyətini itirmiş, normal formalaşmış, dolğun, qabığı sığallı, üzərində çat olmayan, ləpəsi ağ rəngli, elastik, rüşeymi qırışıqsız toxum isə həyat qabiliyyətinə malik olur. Toxumun xarici əlamətləri ilə həyat qabiliyyətinin təyini üçün hər bitki növ, forma və sortu üzrə tədarük edilmiş toxumlardan üç dəfə, hər dəfədə 100-200 ədəd toxum götürüb, yuxarıda qeyd olunan əlamətlər əsasında toxumun həyat qabiliyyəti faizlə müəyyən edilir. Lakin qeyd olunan əlamətlər əsasında toxumun həyat qabiliyyətini müəyyən etmək bir tərəfdən çox çətin və mürəkkəb olub böyük vərdiş, təcrübə və mahirlik tələb edir, digər tərəfdən bu üsul subyektiv olduğundan səhvlərə də yol verilir.
Mexaniki üsul. Toxumlara mexaniki vasitələrin təsirinə əsaslanır. Elastikliyini itirmiş, zərbə altında ovxalanan toxumlar cücərmə qabiliyyətini itirmişdir. Zərbə altında əzilən və yağlı iz qoyan toxumlar isə elastik olmaqla həyat qabiliyyətinə malikdir.
Fiziki üsul. Toxumun fiziki xüsusiyyətlərinə əsaslanır. Sağlam olmayan toxum suda üzür, qızmar tavada közərir, sağlam toxumlar isə suda batır, yüksək temperaturda partlayır.
Orqanoleptik üsul. Qoxu və dad göstəricilərinə əsasən aparılır. Həyat qabiliyyəti itmiş toxumlar kif iyli və acı dadlı, sağlam toxumlar isə xoş iyli və spesifik dadlı olur.