Toxumun həyat qabiliyyətini saxlamaq məqsədilə onu iki üsulla - təbii və süni üsulla qurudurlar. Təbii üsulla qurutma ən qədim üsuldur. Bunun üçün toxumu brezent (yelkan) üzərinə sərib küləkli, Günəş şüaları düşməyən yerdə sərərək, hər saatdan bir toxumu çevirib qarışdırırlar. Belə şəraitdə toxum bir-iki gün ərzində quruyur. Bu üsulun ucuz və sadəliyi onun geniş tətbiqinə səbəb olmuşdur. Onun çatışmayan cəhəti havanın nəmliyinin və temperaturun tez-tez dəyişməsi, toxumun quruması üçün uzun vaxt tələb olunması, toxumların eyni səviyyədə qurumaması, havanın nisbi nəmliyinin yüksəlməsi ilə əlaqədar toxumun da nəmliyinin yüksəlməsi, nəticədə toxumun cücərmə qabiliyyətinin aşağı düşməsidir. Günəşin təsiri nəticəsində toxumun qabığı partlayır və toxum kiflənir. Odur ki, toxumun bilavasitə Günəşin altında qurudulması tövsiyə edilmir.
Toxumun süni üsulla qurudulması iri tinglik təsərrüfatlarında geniş tətbiq edilir. Bunun üçün quruducu şkaflar, istilik sistemi, hava cərəyan edən otaqlar, kameralar olmalıdır (Şəkil 2.11).
Süni üsulda hava şəraitindən asılı olmayaraq toxumu bərabər səviyyədə bir sutka ərzində qurutmaq olur. Quruducuda adətən dəmir tordan üç mərtəbə tərəcələr qurulur. Burada əvvəlcə nəmli toxumu yuxarıdakı birinci tərəcənin üzərinə sərib qurudurlar. Sonra onu ortadakı tərəcənin üzərinə sərirlər və nəhayət toxumun qurumasını tamamlamaq üçün onu altdakı axırıncı tərəcənin üzərinə sərirlər. Quruducuda temperatur aşağı olduqda toxumun quruması üçün uzun müddət tələb olunur. Bu halda toxum kiflənir və həyat qabiliyyətini itirir. Temperaturun yüksəkliyi də rüşeymə mənfi təsir göstərir. +50…+60 °C temperaturda toxum yarım saat ərzində cücərmə qabiliyyətini itirir.