Burada məqsəd meyvənin içərisindəki toxumun tam yetişməsidir.
Meyvənin çürüməməsi üçün onu tez-tez kürək vasitəsilə çevirib qarışdırırlar. Tığda meyvələr 2-3 həftə müddətində yumşalır, onların içərisindəki toxum tam yetişir və rəngi qaralır. Yetişmiş meyvələri çən və ya təknəyə tökərək təmiz su ilə yuyur, sonra isə doğrayıcıya töküb doğrayırlar. Doğranmış meyvələri məngənəyə töküb sıxırlar. Meyvədən təknəyə süzülmüş şirə içki hazırlamaq üçün istifadə edilir. Meyvə məmulatları emal edən müəssisələrdə, habelə tinglik təsərrüfatlarında yığılmış cecənin qızışması nəticəsində toxumun həyat qabiliyyəti itir.
Odur ki, toxumu cecədən dərhal, iki üsulla - «quru» və «yaş» üsulla ayırırlar. Quru üsulla toxumu ayırmaq üçün cecəni qurudub toxum təmizləyən maşının içərisinə tökürlər (Şəkil 2.9). Maşının içərisində yüksək sürətli külək toxumu ayırır, meyvə puçalını isə sorub bunkerdən çıxarır. Kiçik təsərrüfatlarda quru cecəni xəlbirə tökərək toxumu cecədən ayırırlar.
«Yaş» üsulla toxumu cecədən ayırmaq üçün cecəni məngənədən dərhal çıxarıb, 8x8 mm diametrli hücrələrdən ibarət dəmir tor üzərinə sərərək təmiz su ilə yuyurlar (Şəkil 2.10).
Burada toxum cecədən ayrılaraq hücrələrdən keçib təknəyə tökülür. Yuyulmuş toxumu meyvə puçalından tam ayırmaq üçün onu ikinci dəfə 3x2 mm olan hücrəli dəmir torun üzərinə sərib yuyurlar. Burada toxum torun üzərində qalır, meyvə puçalı isə hücrələrdən təknəyə tökülür. Alma, armud və digər xırda toxumlu bitkilərdə toxumun cecədən ayrılması üçün hücrələri daha xırda olan dəmir torlardan istifadə edirlər.
Toxumun qurudulması. Toxum, hiqroskopik xüsusiyyətli olduğundan nəmliyi asanlıqla özünə çəkir.
Yüksək temperatur şəraitində olan nəmli toxum həyat qabiliyyətini qısa müddətdə itirir. Toxum yuyularkən onun daxilindəki nəmlik 50-60 %-dək yüksəlir.