Buna görə də ağacları dirəyə, payaya bağlayır, yaxud şpalerdə becərirlər. Basmadan əmələ gəlmiş calaqaltı ləng yoğunlaşdığından göz calağının vurulması üçün yararlı vəziyyətə gəlməsi uzun müddət vaxt tələb olunur.
Oduncağı kövrəkdir, lakin M9 calaqaltısından möhkəmliyi ilə fərqlənir. Kök sistemi 13 °C şaxtaya davam gətirir. Rütubətin artıqlığına orta dərəcədə davamlıdır. Kök sisteminin əsas kütləsi torpağın 10-30 sm dərinliyində yerləşir, quraqlığa nisbətən davamlıdır. Alma sortlarının bu calaqaltıda tutması kafidir. Bu calaqaltıya calanmış alma sortlarının yaşlı ağacları 2,5-3 m hündürlüyündə olur. Qanlı mənənəyə bərk tutulur, lakin unlu şeh xəstəliyinə tutulmur.
2.2.4. Toxmacar calaqaltıların yetişdirilməsi
Meyvə tingliyində calaqaltının toxumla çoxaldılması geniş tətbiq edilir. Bu məqsədlə hər il müxtəlif meyvə bitki cinslərindən və sortlarından külli miqdarda toxum tədarük edilir.
Aparılmış tədqiqatlar və hesablamalar nəticəsində tumlu meyvə bitkiləri üzrə hər kiloqramda toxumun ədədlə miqdarı və hər ton meyvədən toxum çıxımı müəyyən edilmişdir (Cədvəl 2.1).
Sıra sayı | Bitkinin adı | 1 t meyvədən quru toxum çıxımı | 1 kq-da toxumun miqdarı, min ədəd |
|
kq | % | |||
1 | Yabanı meşə alması | 5-10 | 0,5-1,0 | 30-50 |
2 | Alma sortları | 2-5 | 0,2-0,5 | 25-35 |
3 | Yabanı meşə armudu | 6-10 | 0,6-1,0 | 30-40 |
4 | Armud sortları | 2-4 | 0,2-0, | 18-40 |
5 | Heyva | 8-20 | 0,8-0,2 | 40-50 |
Cədvəl 2.1. Təzə meyvədən toxum çıxımı və hər kq-da toxumun miqdarı
Toxumların tədarükü. Calaqaltının keyfiyyəti toxumun keyfiyyətindən birbaşa asılıdır. Odur ki, toxum tədarükünə xüsusi diqqət tələb olunur. Toxum bir qayda olaraq zərərveri-cilərə, xəstəliklərə davamlı, məhsuldar, meyvələri iri, quraq rayonlarda quraqlığa davamlı, şaxtalı rayonlarda şaxtaya davamlı ağaclardan tədarük edilir. Hər ağacdan toxum tədarük etmək olmaz. Toxum, yalnız əvvəlcədən seçilmiş ağaclardan tədarük edilməlidir. Toxumu, bir coğrafi şəraitdə tədarük edib, digər coğrafi şəraitə göndərmək olmaz. Zədəli, eybəcər, tam formalaşmayaraq ağacdan tökülən meyvələrdən toxum tədarük etmək olmaz. Yalnız sağlam, növ və sortun nişanələrini özündə tam daşıyan meyvələri toxum üçün tədarük etmək olar. Tumlu meyvə bitkilərinin, meyvələri orta vaxtda yetişən növ, forma və sortlarından toxum tədarükü tövsiyə edilir.
Meyvə tingliyi təsərrüfatlarında toxum tədarükü üçün payızda yetişmiş alma, armud və heyva meyvələri 40-50 sm hündürlyündə, 3-4 m enində tığa (koma, əmbiz) yığılır.