M9. Dünya bağçılığında böyük şöhrət qazanmış və alma sortları üçün geniş tətbiq edilən karlik calaqaltıdır (Şəkil 2.7). Zoğu gödək, yoğun, azca əyridir ki, bunun da nəticəsində ana bitki ətrafa yayılaraq, hündürlüyü 2 m-dək olur. Zoğun rəngi qəhvəyi-sarımtıl olub üzərində mərciməklər düzülür, zoğ narın tükcüklərlə örtülüdür. Buğumarası yaxın, tumurcuqları orta irilikdə, dikinə duran, narın tükcüklərlə örtülüdür. Zoğun aşağısında az miqdarda bernotlar (hava kökləri) yerləşir. Yarpağı iri, yumurta formalı, əsası girdə, ucu sivri, ayası parlaq yaşıl rəngli, saplağı uzun və tüklüdür. Meyvəsi iri, 100 q-dək ağırlığında olub yayda yetişir, dadı şirindir.
M9 calaqaltısının ayrı-ayrı köklərinin torpağın 5 m-dək dərinliyinədək işlədiyi bildirilir. Kökləri 10 °C şaxtaya davam gətirir. M9 torpağın şoranlığına dözümlü, lakin rütubətin artıqlığına davamsızdır. Kök sistemi kiçik həcmli olmaqla torpaq səthinə yaxında yerləşir. Kökləri kövrəkdir. Odur ki, bu calaqaltıya calanmış ağac məhsulun ağırlığından, küləyin təsirindən əyilir. Almanın bütün sortları bu calaqaltıda möhkəm tutur, ağac 3-4 m hündürlüyündə olub sort xüsusiyyətindən asılı olaraq 2-4 yaşından məhsul verir. Müntəzəm məhsul verərək 20-25 il yaşayır. Bu calaqaltıya calanmış ağacın meyvələri iri, dadı şirin və sorta xas olan rəngə boyanır, ağac hər il bol məhsul verir. M9 ağır və yüngül torpaqlarda pis bitir, ona calanmış ağac az məhsul verir. Qrunt sularının yaxınlığına, yayın istisinə dözümlüdür. Qanlı mənənə köklərini həddindən artıq zədələyir, onlar şirəli olduğundan kəsicilər, böcəklər onları gəmirir. Dəmgil və unlu şeh xəstəliyinə cüzi, virus xəstəliyinə isə çox tutulur.
M9 basma ilə asan çoxalır, orta dərəcədə zoğ əmələgətirmə qabiliyyətinə malikdir. Hər ana bitki dəmyə şəraitində ildə 10-12 ədəd, rütubətlə təmin olunmuş şəraitdə isə 25-30 ədəd basma ilə artırılmış calaqaltı əmələ gətirir. M9 tipinin kök sistemi assimetrik böyüdüyündən bir tərəfli olur. Eyni zamanda torpaq səthinə yaxında yerləşdiyindən ağac yerindən asanlıqla tərpənir və yıxılır. Kök sisteminin dərin qatlara işləməsinin təmin edilməsi və ağacın torpaqda möhkəm durması üçün calağın bu calaqaltıya torpaq səthindən 15-20 sm hündürlükdən vurmaq və bağa əkilərkən ağacı çalada dərin (calaq yerinə qədər) yerləşdirmək tövsiyə edilir. Bu zaman calaqaltının çoxlu köklər əmələ gətirməsi ağacın çalada dik və möhkəm durmasına şərait yaradır. M9 calaqaltısına calanmış ağacların torpaqda möhkəm dayanmaları üçün bağı küləklərdən mühafizəli yerlərdə salmaq, ağacları dirəyə, payaya bağlamaq, şpalerdə becərmək tətbiq edilir. Qərbi Avropa dövlətlərində, habelə Azərbaycanda alma sortları üçün geniş tətbiq edilən karlik calaqaltıdır.
Budaqovski paradizkası. Azərbaycanda bu calaqaltı (Şəkil 2.8) geniş tətbiq edilir.Bu calaqaltıya calanmış alma sortları möhkəm tutur, ting bağa əkildikdən 2-3 il sonra məhsul verməyə başlayır. Bu calaqaltıya calanmış ağaclar əyilir, kökləri isə qırılır.