Almanın əksər sortları bu calaqaltıda möhkəm tutur, məhsula düşmə tez olmaqla bol məhsul verir, lakin meyvələri nisbətən xırda olur. Kök sistemi 12 °C şaxtaya davam gətirir, bağda becərilən zaman cüzi miqdarda pöhrə verir. Kökü fitoftora və kök xərçəngi xəstəliklərinə davamlıdır. Bu calaqaltı qanlı mənənəyə tutulmur, lakin unlu şeh xəstəliyinə güclü, dəmgil xəstəliyinə isə zəif tutulur. Qərbi Avropa dövlətlərində, xüsusilə İngiltərədə geniş tətbiq edilir. Azərbaycan üçün də rayonlaşdırılmış calaqaltıdır.
MM106. Kök sistemi geniş, saçaqlı olub müxtəlif torpaq tiplərində normal bitir (Şəkil 2.5).
Şəraitə tez alışır, ağır gilli, gillicəli torpaqlarda, qrunt suları yaxında yerləşən rütubətli sahələrdə yaxşı bitir, lakin quraqlığa davamsızdır. Kökü 12 °C şaxtaya davam gətirir, qanlı mənənəyə tutulmur. MM106 unlu şeh və fitoftora xəstəliklərinə zəif tutulur, dəmgil xəstəliyinə isə davamlıdır. Çoxlu zoğ əmələ gətirir, basma ilə asan çoxalır, almanın əksər sortları bu calaqaltıda möhkəm tutur, ağacları orta boylu olmaqla məhsula tez düşür, bol məhsul verir. Əvvəlcə sürətlə, sonra ləng böyüyür. Cüzi miqdarda kök pöhrəsi əmələ gətirir. Gillicəli, rütubətlə təmin olunmuş torpaqlarda meyvələr iri, qumsal, yüngül torpaqlarda isə xırda olur. Şaxtaya davamlı olması və başqa dəyərli xüsusiyyətləri onun geniş istifadəsinə səbəb olmuşdur. Azərbaycanda geniş yayılmışdır. Tingliklərdə əksər alma sortları MM106 tipinə calandır. Torpaqda maqneziumun azlığına çox həssasdır. Bu calaqaltıya calanmış ağac 25 yaşınadək müntəzəm və bol məhsul verir.
54-118. Kök sistemi 16 °C şaxtaya davam gətirir, torpağın dərin qatlarına işləyir, kök pöhrəsi əmələ gətirmir (Şəkil 2.6). Yarımkarliklər qrupuna, qırmızıyarpaq calaqaltılar formasına daxil olub çoxlu zoğ əmələ gətirir, basma ilə çoxaldılır. Anaclıq sahəsində calaqaltı çıxımı yüksəkdir. Almanın əksər sortları bu calaqaltıda möhkəm tutur, hektardan standart ting çıxımı yüksək olur. Ona calanmış alma ağacı 3-5 yaşından məhsul verməyə başlayır. Kök sistemi torpaqda geniş ərazini əhatə etməklə möhkəm bərkiyir. Respublikamızın dağlıq rayonları üçün perspektivli sayıla bilər.