Bu səbəbdən də almanın qeyd olunan sortlarının şərq almasına calanması tövsiyə edilmir. Respublikamızda bu növ ümumilikdə nöqtəli kök xəstəliyinə nisbətən davamlıdır.
Şərq almasının quraqlığa, torpaqda müvəqqəti olaraq yaranmış artıq rütubətə, torpağın gipsləşməsinə davam gətirməsi, torpağın duzlaşmasına orta dərəcədə dözümlülüyü, toxmacarın sürətlə böyüməsi onun əlverişli cəhətləridir. Lakin onun şaxtaya davamlılığı ortadır. Belə ki, torpaqda 10…11 °C şaxta zamanı Şərq almasının kökləri məhv olur.
Alma sortlarının toxmacarları. Dünya meyvəçiliyində, o cümlədən respublikamızda alma sortlarının toxmacarları calaqaltı olaraq istifadə edilir.
Respublikamızda alma sortları üçün calaqaltı olaraq Cır Hacı, Sarı turş və Qızıl Əhmədi sortlarının toxmacarları geniş istifadə edilir.
Klon calaqaltılar. Vegetativ üsulla artırıan calaqaltılara klon calaqaltılar deyilir. Bağçılıqda klon calaqaltılar ilk dəfə alma sortları üçün tətbiq edilmişdir. Klon calaqaltılara calanmış alma ağacı toxmacara calanmış alma ağacından aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir (Sxem 2.4).
Klon calaqaltılar boylarına görə karlik, yarımkarlik, orta boylu, uca boylu və çox uca boylu olur.
Respublikamızda son illərdə geniş istifadə olunan və perspektivli sayılan klon calaqaltılar aşağıdakılardır.
MM104. Kök sistemi geniş olub torpağın dərin qatlarına işləyir, torpaqda möhkəm dayanır. Qrunt suları yaxında yerləşən və həddindən artıq rütubətli torpaqlarda pis böyüyür, münbit torpaqlarda uca boylu, yüngül, az qidalı torpaqlarda orta boylu olur. Çoxlu miqdarda zoğ əmələ gətirdiyindən sağlam calaqaltı çıxımı yüksək olur.