2.2.3. Tumlu meyvə bitkilərinin calaqaltıları
Alma bitkisinin calaqaltıları. Toxmacar calaqaltılar. Alma sortları üçün toxmacar calaqaltılar yetişdirmək üçün toxumlar adətən yabanı növlərin meyvələrindən tədarük edilir. Eyni zamanda müəyyən sortlardan da calaqaltı kimi istifadə edilir. Bu baxımdan cinslər üzrə toxmacar calaqaltıları aşağıdakı kimi qruplaşdırmaq olar.
Meşə alması - Malus silvestris Mill. alma sortları üçün geniş tətbiq edilən calaqaltıdır (Şəkil 2.2).
Buna səbəb toxum materialının asanlıqla tədarük olunması, toxumun yüksək cücərmə qabiliyyətinə malik olması, toxmacarın sürətlə böyüməsi, yoğunlaşması, torpaq şəraitinə xüsusi tələb göstərməməsi, ona calanmış bitkilərin normal inkişaf edərək uzun ömürlü və məhsuldar olmasıdır. Lakin qeyd olunan bu müsbət xüsusiyyətlərlə yanaşı meşə almasının bəzi çatışmayan cəhətləri də mövcuddur. Belə ki, meşə almasının toxmacarında mil kök torpağın dərin qatlarına işləyir, yan köklər isə az və zəif inkişaf etmiş olur. Buna görə də toxmacarı başqa sahəyə köçürtdükdə onların çox qismi bitmədiyindən məhv olur. Odur ki, toxmacarda geniş və saçaqlı kök sistemi yaratmaq məqsədilə pikirovka əməliyyatı tətbiq edilir. Meşə almasına calanmış alma sortları, başqa növ calaqaltılara calanmış həmin sortlardan gec məhsula düşmələri ilə fərqlənir.